Şagirdlər onlayn sınaq imtahanı verəcəklər

sagirdler-onlayn-sinaq-imtahani-verecekler
Oxunma sayı: 1202

Dövlət İmtahan Mərkəzi 2017-ci ilin buraxılış imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı keçirəcək.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən, ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər sınaq imtahanında iştirak edə bilərlər.

İmtahanda iştirak etmək üçün 2 manat tələb olunur. Onlayn sınaq imtahanı vermək istəyənlər evi tərk etmədən imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

Hazırda 2017-ci il buraxılış imtahanının (9 illik təhsil bazasında) ikinci mərhələsində istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) üzrə onlayn sınaq imtahanı http://otk.az portalına yerləşdirilib.

11-ci sinif üzrə buraxılış imtahanlarına aid materiallar isə yaxın günlərdə portala yerləşdiriləcək.