Şagirdlərin gözü önündə baş verən dava ilə bağlı - Məktəbdən açıqlama

Şagirdlərin gözü önündə baş verən dava ilə bağlı
Oxunma sayı: 11587

“Landau School” dünən "Bayıl" korpusunun həyətində baş vermiş dava ilə bağlı açıqlama verib.

Məktəbdən “Qafqazinfo”ya verilən məlumata görə, mübahisə valideynlərdən biri ilə məktəbin təhlükəsizlik xidmətinin əməkdaşı arasında baş verib:

“Təhlükəsizlik xidmətinin əməkdaşı üzərində şəxsiyyət vəsiqəsi olmadan övladını götürməyə gələn valideynə məktəbin bütün şagirdlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edən qaydalarını nəzakətli şəkildə bildirib. Məktəbin daxili qaydalarına uyğun olaraq, hər bir valideyn yaxud qəyyum dərsdən sonra şagirdi götürmək üçün öz şəxsiyyətini təsdiq etməlidir. Müvafiq kartın olmasının və digər çıxışdan istifadənin zəruriliyi barədə xəbərdarlığa baxmayaraq, anası şagirdi turniketin altından keçirərək aparıb.

Müəyyən müddətdən sonra şagirdin atası məktəbə gələrək təhlükəsizlik xidmətinin əməkdaşını həyat yoldaşına qarşı “ədəbsiz davranış”da günahlandıraraq ona qəflətən hücum edib və xəsarət yetirib. Nəticədə məktəb əməkdaşına tibbi yardım göstərilməsi zərurəti yaranıb. Həm hadisənin özü, həm də buna gətirib çıxaran məqamlar videomüşahidə kameraları vasitəsilə qeydə alınıb. Beləliklə, valideynlər münaqişə vəziyyəti yaradıblar və məktəb qaydalarını kobud şəkildə pozaraq vəziyyəti daha da ağırlaşdırıblar”.

Qeyd edilib ki, hazırda hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı araşdırma aparırlar.