Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları erməni işğalında olan Kəlbəcərdə girov götürülən azərbaycanlılara baş çəkib.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bu barədə danışıb. Onun sözlərinə görə, Şahbaz Quliyev və Dilqəm Əsgərova martın 14-də baş çəkilib, ailələrinə məlumat çatdırılıb.
“BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək”, - deyə İlahə Hüseynova əlavə edib.
Şahbaz Quliyevin bacısı İradə Quliyeva açıqlamasında qardaşının ikinci dəfədir ki, məktub göndərmədiyini deyib. Bu dəfə ailəsi də Ş.Quliyevə məktub göndərə bilməyib: “Mənə ötən gün zəng vurub dedilər ki, Şahbaza baş çəkiblər. Amma baş qarışıq olduğu üçün ondan məktub gətirməyiblər. Sadəcə qardaşım şifahi hamımıza salam göndərib. Vəziyyətinin yaxşı olduğu deyilir”.
Qeyd edək ki, BQXK əməkdaşları sonuncu dəfə girovluqda olan Şahbaz Quliyev və Dilqəm Əsgərova martın 10-da baş çəkiblər. O zaman hər iki girova ailələrindən məktub aparılsa da, yalnız Dilqəm Əsgərov yaxınlarına cavab göndərmişdi. Şahbaz Quliyev isə məktub yazmaqdan imtina etmişdi.
Son xəbərlər
Son Xəbərlər