Şahdağ Milli Parkındakı yanğın söndürüldü - Yenilənib

sahdag-milli-parkindaki-yangin-sonduruldu
Oxunma sayı: 2693

Qəbələdə milli parkda yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Tikanlı kəndində, Şahdağ Milli Parkının ərazisində qeydə alınıb.

Hazırda yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi və meşə təsərrüfatı işçiləri cəlb olunub.

Yanğın davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib. O bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib: “Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.

 

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Onun sözlərinə görə, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur: “Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

***

Şahdağ Milli Parkında, Qəbələ rayonunda meşə sahəsində yanğın nəzarətə götürülüb, əraziyə helikopter cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev APA-ya bildirib ki, Tikanlı kəndi ərazisindəki yüksək dağın zirvəsində, meşə sahəsində baş verən yanğın hazırda davam edir.

Şahdağ Milli Parkının ərazisi olan Tikanlı meşəsində indiyədək bir hektar ərazi yanıb. Alovun qarşısının alınması üçün FHN-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 100-dən çox əməkdaşı, bir helokopter cəlb olunub. Yanğın nəzarətə götürülüb. Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün yanğınsöndürən maşınların əraziyə cəlb edilməsi mümkün deyil. Yanğının söndürülməsi üçün əsasən əl əməyindən istifadə olunur. 

***

Qəbələ rayonunda meşə sahəsində baş verən yanğın söndürülüb.

FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev APA-ya bildirib ki, Şahdağ Milli Parkının Bum meşəbəyliyinin Tikanlı kəndi ərazisində, yüksək dağın zirvəsindəki 1 hektar meşə sahəsində baş verən yanğın bir sutka sonra söndürülüb.

Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi mümkün olmayıb.

Hadisənin qarşısını almaq üçün əsasən əl əməyindən istifadə olunub.

Bu gün Qəbələ şəhərinin şimalındakı meşə sahəsində də yanğın başlayıb.

Hazırda FHN və ETSN-in yerli qurumlarının əməkdaşları və bir helikopter hadisə yerinə cəlb olunub.

İndiyədək 2 hektar meşə sahəsi yanıb.

 

Mübariz Məmmədov