Sahibə Qafarova Zurabişvili və Qaribaşvili ilə görüşdü

sahibe-qafarova-zurabisvili-ve-qaribasvili-ile-gorusdu
Oxunma sayı: 1853

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Bu barədə “Qafqazinfo”ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədrini Gürcüstanda salamlamaqdan məmnunluğunu bildirən Prezident Salome Zurabişvili belə səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən Gürcüstanın dövlət başçısı parlamentlər arasındakı sıx münasibətlərin qurulmasına görə təşəkkürünü bildirib.

O, Gürcüstanın və Azərbaycanın hər zaman beynəlxalq müstəvidə bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.

Söhbət zamanı xanım Salome Zurabişvili diasporların fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycana sülh və sabitlik arzularını ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova nümayəndə heyətinə göstərilən qonaqpərvər münasibətə görə təşəkkürünü bildirib. Spiker qeyd edib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Müstəqillik dövründə isə bu əlaqələrimiz daha da inkişaf edib və bu il biz diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünü qeyd edəcəyik.

Azərbaycan Milli Məclisinin sədri diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu dostluq münasibətlərini Prezident İlham Əliyev uğurla davam etdirir. Ötən illər ərzində Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır.

Sahibə Qafarova iki qonşu və dost ölkə arasında İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, Gürcüstan Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısıdır.

Bundan başqa, S.Qafarova Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə də görüşüb.