Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general mayoru Cavad Qasmov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov, Vergilər nazirinin müşaviri Abdulla Tağıyev və Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi Natiq Şirinov, eləcə də daşıyıcı şirkətlərin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov görüşün məqsədi barədə qısa məlumat verərək prezident İlham Əliyevin imzaladığı “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlərin həlli, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.
Mirqasım Vahabov idxal-ixrac əməliyyatlarının, dövlət büdcəsi gəlirlərinin artdiğini və bu sahədə sahibkarların fəaliyyətinin mühüm rol oynadığını bildirib.

Prezidentin sərəncamından sonra idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin daha da təkmilləşəcəyini bildirən M. Vahabov yeni sistemin şəffaflığın təmin olunması, vergi uçotunun düzgün aparılması və sahibkarların fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacağını vurğulayıb.
İdarə rəisi yeni sistemin tətbiqi ilə birlikdə ölkəmizin gömrük və vergi orqanları arasındakı əlaqələrin səmərəliliyinin artacağını, bunun da sahibkarlığın inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər