Prosedurların 2-yə, müddətin 20 günə endirilməsi və elektron qaydada sənəd qəbulu müraciətlərin artmasına rəvac verib
Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, arxada qalan aprel ayı ərzində "Azərişıq" ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 466 sahibkar müraciət edib. Qeyd edək ki, sahibkarlar müraciətlərinin sayında əvvəlki aylarla müqayisədə ciddi artım müşahidə olunur və bu da şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Qeyd edək ki, ötən ilin dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti fərman imzalanıb və fərmana əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bundan başqa şəbəkəyə qoşulma ilə bağlı kVt-a görə vahid tarifin tətbiq olunması, Azərişıq ASC-nin elektron xəritəsinin “ASAN xidmətin” işinə inteqrasiya edilməsi və nəhayət müraciətlərin elektron qaydada qəbul edilməsi də müsbət mənada öz rolunu oynayıb.
Bununla yanaşı aprel ayında 3400 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib.
Son xəbərlər
Son Xəbərlər