22 iyul tarixinədək Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 495 milyon manat olan 1447 müraciət daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, artıq bir sıra müraciətlərə baxılıb və 46 müraciət üzrə ümumi həcmi 5.6 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.
Bu gündən etibarən Elektron Kredit Platformasında sahibkarlar üçün əlavə olaraq yeni bir imkan da yaradılıb. Belə ki, artıq sahibkarlar biznes kreditlərinin alınması üçün 3 kredit təşkilatını seçə və eyni vaxtda 3 kredit təşkilatına müraciət edə bilərlər. Bu isə, sahibkarların kreditlərə çıxış imkanlarını daha da artırmaqla yanaşı, kredit təşkilatları arasında sağlam rəqabət mühitinin formalaşmasına müsbət təsirini göstərəcək.
Qeyd edək ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir.
Sahibkarlar aldıqları kreditləri təyinatı üzrə istifadə etməli və digər kredit öhdəliklərinin bağlanmasına yönəltməməlidirlər.
Son xəbərlər
Son Xəbərlər