Sahibkarların ticarət şəbəkələrinə çıxışı üçün müraciətlərin qəbuluna başlanıldı

sahibkarlarin-ticaret-sebekelerine-cixisi-ucun-muracietlerin-qebuluna-baslanildi
Oxunma sayı: 989

Bu gündən Azərbaycanda çikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək üçün İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.

Bu barədə "Qafqazinfo"ya KOBİA-dan bildirilib.

Məlumata görə, müraciətlər Agentliyə elektron qaydada təqdim edilməlidir. Müvafiq müraciət forması KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib: https://bit.ly/3nJCSaA

Ölkə prezidentinin 1 dekabr 2021-ci il tarixli fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. Qaydaya əsasən dəstəyi KOBİA təmin edəcək.

Dəstəkdən mikro və kiçik sahibkarlar istifadə edə bilərlər. Bu dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20%-ni, kiçik sahibkarlıq subyekti isə 50%-ni ödəyəcəkdir.

KOBİA ticarət obyektlərində icarəyə götürülən satış yerləri barədə məlumatları internet səhifəsində (www.smb.gov.az) yerləşdirəcək.

Dəstəkdən faydalanacaq sahibkarların seçilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq:

- məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması;

- məhsulun idxalı əvəzləmək potensialı;

- məhsulun Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi;

- sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması.