Sahibsiz ev -

sahibsiz-ev-
Oxunma sayı: 1305


Boş qalmış evlərin kədəri ilə ilk dəfə Ağdamda qarşılaşmışdım. Qiyaslıya gedirdik-Xanəndə Şahmalı Kürdoğlunun evinə. Müharibə gedən şəhərlər necə olursa, eləydi Ağdam: yiyəsindən ötrü darıxan evlər yanıb qaralmışdı; erməni mərmisi dağıtmışdı çoxunu; küçələrdə hərbçilər vardı, bir də evini, vətənini atıb gedə bilməyənlər. Şahmalı Kürdoğlu da evini atıb gedə bilməyənlərdəndi...

Sahibsiz evlərin kədərini sonra “Sakit Don”da hiss elədim. Daha çox Stepan Astaxovun evinin timsalında gözlərimin önünə gəldi tənha evlər. Tozdan bezmişdilər. İnsan nəfəsi üçün darıxırdılar...

Almaz xalagilin evlərini sonuncu dəfə təxminən on-on bir il öncə görmüşdüm-tələbə vaxtı. İkimərtəbəli daş evləri vardı. Əri ustaydı. Özü tikmişdi evi. Fəhləyə verməyə pulları olmadığından Almaz xala özü eləmişdi fəhləliyi. Cavan gəliniymiş o vaxtlar...

Bu ev, küçədən keçənləri ayaq saxlamağa məcbur eləyirdi. Evin divarlarına sarmaşan, hasardan bayıra daşan ağ, qırmızı qızılgüllər, hasarboyu əkilmiş cürbəcür gül-çiçək valeh eləyirdi adamı. Almaz xalanın həyətindəki yaşıllıq, bağ-bağat, evindəki növbənöv dibçək gülləri görənin ağlını başından alırdı.

***

-Ay bacı, Almaz xalanın evi hardadı?

-Budey, bu evdi də-qarşısında dayandığınız...

Avqust yarpağı kimi yamyaşıl rəngi pasla mübarizədə məğlub olmuş darvazaya bir də baxdım. İnana bilmədim. O gözəlliklərdən əsər-əlamət qalmamışdı. Qızılgüllər quruyub hasarın, evin divarlarına yapışmışdı-sadiq sevgili kimi. Çirkli pəncərələr lap çox darıxırdı evin sahibəsindən ötrü...

Əkrəm Əylislinin “Ətirşah Masan”ını xatırladım. Almaz xalanın çiçəkləri də Masanın ətirşahlarının taleyini yaşayırdı...

Bu evdə bir oğul böyütmüşdü Almaz xala. Gözünün ağı-qarası bircə balasını zəhmətlə saxlamış, oxutmuşdu. Oğul da oxuyandan sonra iş tapa bilməmişdi. Hara getmişdisə, rüşvət istəmişdilər işləməsi üçün. Qoşulub qohumlarına getmişdi Rusiyaya. Orda evlənmişdi. Dəfələrlə anasını yanına aparmaq üçün gəlmişdi. Getməmişdi anası. Bu evdən ayrı yaşaya bilməyəcəyini demişdi.

Sonuncu dəfə anasını dəfn etmək üçün gəlmişdi oğlu...

“Qafqazinfo”