“Sahibsiz qalan qızlar qadın ticarətçilərinin qurbanına çevrilir”

sahibsiz-qalan-qizlar-qadin-ticaretcilerinin-qurbanina-cevrilir
Oxunma sayı: 1401


Azərbaycanda tez-tez rast gəlinən broblemlərdən biri də gənclərin, xüsusi ilə qızların erkən nigaha girməsindən yaranan problemlərdir. Erkən nigaha girən qızların isə sayı getdikcə artmaqda davam edir. Son illərə qədər bu cür hadisələrə daha çox cənub bölgəsində rast gəlindiyi iddia edilirdisə, indi artıq belə hallara bütün bölgələrdə, eləcə də paytaxt Bakıda rast gəlinir. Bəzi bölgələrdə hətta qızların 14 yaşında ərə getməsinə təsadüf edilir.

Araşdırılmalar nəticəsində bəlli olub ki, zorla erkən evliliklərin, həm oğlan, həm də qızların (yeniyetmə) hüquqlarının pozulmasına gətirib çıxarır. Özəlliklə qız uşaqlarının oğlanlara nisbətən erkən yaşda evləndirilmələri , daha ciddi problemlər yaradır. Qanun nikah yaşını qızlar üçün 17, oğlanlar üçünsə 18 yaş müəyyənləşdirsə də, valideynlər hələ nikah yaşına çatmamış uşaqlarını evləndirirlər. Qızlarını uşaq yaşında ərə verən valideynlərin əksəriyyəti bunu normal qarşılayırlar. Dərk etmirlər ki, bu hal övladlarının təhsildən kənar saxlanmasına, dünyagörüşünün formalaşmamasına, savadsızlığına səbəb olur ki, bu da həyatda müstəqil yaşamağa hazır olmayan gənclərin qurduğu ailədə problemlərin yaranmasına- əsasən ailədə məişət zorakılığının tez-tez baş verməsinə, ailələrin dağılmasına, ana və uşaq ölümünün artmasına , uşaqların ya atasız, ya da anasız, bəzi hallarda isə hər ikisi olmadan böyüməsinə səbəb olur. Uşaqlar valideynin nəvazişindən kənar, qayğıdan uzaq olur, bir çox hallarda isə mənəvi travma ilə böyüyürlər.

Həmçinin erkən yaşda qızlar ailə qurmağa, dünyaya uşaq gətirməyə nə fiziki, nə də mənəvi cəhətdən hazır olmurlar. Nəzərə almaq lazımdır ki, erkən nigah həm də erkən hamiləlik, erkən uşaq doğumu deməkdir. Bu, qadını ölüm riski ilə üz-üzə qoymaqdır.

Bu problemin ilkin səbəbi təhsilin aşağı olması və sosial problemlər , bir çox hallarda isə mentalitetdir. Kasıb ailə fikirləşir ki, tez qızı verim məsuliyyəti üzərimdən atım, problem qurtarsın. Sosial vəziyyət pis olduğu üçün qızı az yaşında ərə verib (yaşlı kişiyə) hətta başlıq belə alırlar. Bundan başqa qız uşaqlarının oxumasının , onların namusuna zərər gətirəcəyini düşünən valideynlər , nəticə olaraq yenə erkən yaşda evliliyi önəm verirlər. Erkən yaşda evləndiyi üçün evliliyini qoruya bilməyən bir çox qız uşağı nə ailəsinə geri dönə bilir, nə də onlara sığınacaq olaraq bir başqa yer verilir . Bu şərtlər içərisində yaşayan qızlar ya ailəsindən qaçmağı seçir, ya da intihar edir. Bir çox hallarda isə sahibsiz qalan və ya evdən qaçan qızlar qadın ticarətçilərinin qurbanına çevrilirlər. Sonradan bu da namus məsələsinə gətirib çıxarır və çox hallarda cinayətlərin baş verməsinə gətirib çıxarır.

Nəticə olaraq, erkən yaşda edilən evliliklər, cəmiyyətdə qadına qarşı edilən ayrı-seçkiliyin, ictimai gender bərabərsizliyinə bir daha sübutdur. Qız uşaqlarının gələcəyə dair gözləntilərini qaraltmaqla həyata dair bir baxış bucaqlarının olmamasına gətirib çıxarır.

Erkən nigahlara səbəb valideynlərinin məsuliyyətsizliyi, təcrübəsizliyi, dünyagörüşünün azlığı, bəzən az yaşlı qızların öz təcrübəsizliyi, əsasən də sosial problemlər olsa da, müvafiq yerli qurumlar da bu məsələdə ciddi məsuliyyət daşıyırlar. Qanunlar düzgün icra edilmir. Çox yerlərdə rəsmi nigaha girmirlər, ona görə də bu qapalı qalır. Digər tərəfdən, ölkəmizdə dini nigah tətbiqinin yayılmasnın erkən yaşda evliliyin daha asan həyata keçirilməsinə səbəb olduğu da unutmaq olmaz. Bunu hamı- hər bir kəndin, qəsəbənin hüquq mühafizə orqanları da bilir. Lakin hüquq mühafizə orqanları bu məsələyə ciddi yanaşmır, faktların qarşısı alınması üçün lazımı addımlar atılmır.

Düşünürəm ki, eyni zamanda valideynlər arasında, məktəbdə, maarifləndirmə kampaniyası aparılmalı. Belə hallarda valideynlərə qarşı da cəza tətbiq olmalıdır. Hər bir müəllim sinifdəki şagirdlərindən xəbərdar olmalı, Əgər müəllim bilsə ki şagirdi erkən yaşda evləndirirlər aidiyyatı dövlət qurumlarını məlumatlandırmalıdır. Ancaq bizdə müəllimlər bunu etmir, fikirləşir ki, kiminsə ailəsində problem yaratmayım. Çox zaman özü də gedib şagirdlərinin toyunda oynayır.

Erkən nigaha qarşı dövlət strukturları ilə yanaşı, cəmiyyət də mübarizə aparmalı və belə hallara laqeyd qalmamalıdır. Erkən nikah problemi daim diqqət mərkəzində saxlanmalıdır.

Ümid Partiyası olaraq ailə, qadın, uşaq problemləri bizi ən çox narahat edən və prioritet hesab etdiyimiz sahələrdəndir. Hesab edirik ki, erkən nigahların qarşısını almaq üçün və problemin həlli istiqamətində Ümid Partiyasının Ailə, Qadın və Uşaq problemlərinin həllinə yönəlik proqramı mükəmməldir və tətbiq edilməlidir. Bunu nəzərə alaraq proqramın bəzi müddəalarını oxuculara təqdim etməyi özümüzə borc bilirik.

- Dövlətin kiçik modeli olan ailənin planlaşdırılması istiqamətində xüsusi dövlət proqramı hazırlanacaq;
- Ailənin sağlamlığının qorunması, uşaq dünyaya gətirilməsi, onların tərbiyə olunması və təhsili müvafiq qurumlar tərəfindən sistemli və ardıcıl proqramla qorunacaq və nəzarət ediləcək;
- Ailədə milli mənəvi dəyərlərin qorunması ilə yanaşı, azad, şəxsiyyət formalaşdıran mühitin saxlanılması təşviq ediləcək;
- Çoxuşaqlılıq dövlət tərəfindən himayəyə götürələcək;
- Hər bir uşağın doğulmasına görə ailəyə maddi vəsait ödəniləcək və bu vəsait uşaqlar 18 yaşına çatana qədər toxunulmaz saxlanılacaq, bankda saxlanılan vəsaitin üzərinə hər il müəyyən faiz gələcək; ( İlk doğulan uşağa 18 il ərzində 5550 Azn)
- Uşaqların təhsildən kənarda qalmaması üçün inzibati və vətəndaş resursları səfərbər ediləcək;
- Xüsusilə qız uşaqlarına yönəlik siyasətdə təşviqçilik artırılacaq, təhsildən kənarlaşdırma siyasəti əngəllənəcək;
- Qız uşaqlarının vaxtından əvvəl ərə verilməsinə qarşı xüsusi siyasət müəyylənləşdiriləcək, maariflənmə işi həyata keçirələcək, uşaq zorakılığını əngəlləmək üçün vətəndaş cəmiyyətlərinə xüsusi dövlət dəstəyi həyata keçiriləcək, ictimai nəzarət mexanizminin imkanlarından yararlanacaq, qaynar xətlər təşkil ediləcək, hüquq mühafizə orqanları və vətəndaş cəmiyyətlərinin işi əlaqələndiriləcək;
- Qadın intiharlarının, namus və adət cinayətlərinin minimuma endirilməsi üçün təşviqat işləri ilə yanaşı vətəndaş cəmiyyətinin rolu artırılacaq. Hüquq-mühafizə orqanlarının bu sahədə işi yenidən təşkil olunacaq;
- Kimsəsiz qadınların qeyydiyatı aparılacaq və onlara dövlət qayğısı həyata keçirləcək;
- Qadınlara qarşı ayrı-seçkiliyin olmaması üçün əmək müqavilələrində işə götürənlər üzərinə xüsusi öhdəlik qoyulacaq;
- Qadınlara qarşı şiddət, cinsi , iqtisadi, siyasi ayrı seçkiliyi rədd edən təşviqat materialları hazırlanmaqla yanaşı, xüsusi hüquqi baza da işləniləcək;
- Ailə daxili şiddəti önləyici tədbirlər görüləcək, bundan zərər çəkən qadın və uşaqları qoruyacaq hüquqi normalar, qaynar xətlər yaradılacaq;

Ümid Partiyası sədrinin Ailə, Qadın və Uşaq problemləri üzrə müşaviri Zöhrə Zeynalova