Sahil Babayev bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşdü - Fotolar

sahil-babayev-bir-qrup-sehid-ailesi-uzvu-ve-qazi-ile-gorusdu
Oxunma sayı: 1437

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzində olub.

“Qafqazinfo” xəbər verir ki, nazir mərkəzdə şəhid ailələri və qazilərə göstərilən xidmətlərlə tanış olub. Xidmət pəncərələri qarşısında aidiyyəti qurum nümayəndələri və xidmətlərdən yararlanan şəxslərlə söhbət edib, onların göstərilən xidmətlər barədə fikirlərini öyrənib. Sonra S.Babayev mərkəzə müraciət edən bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüş keçirib.

Görüş zamanı Vətən müharibəsinin şəhidi Əli Cabbarovun valideynləri Baba və Yeganə Cabbarovlara “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim edilib. Dövlət başçısının Sərəncamları ilə medallarla təltif edilmiş qəhrəman hərbçilərimizin - Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Şükürovun “Suqovuşanın azad edilməsinə görə” medalı həyat yoldaşı Şəmsiyyə Şükürovaya, şəhid Manaf Bəhmənlinin “Kəlbəcərin azad olunmasına görə” medalı anası Suray Bəhmənovaya, şəhid Vahid Abbasovun “Xocavəndin azad olunmasına” görə medalı atası Sahib Abbasova təqdim olunub.

Vətən müharibəsində Şuşa istiqamətində döyüşlərdə şəhid olan və Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilən Ələsgər Cavadovun atası, II qrup əlilliyi olan Elxan Cavadova isə müraciətinə əsasən mühərrikli təkərli oturacaq verilib.

Şəhid ailəsi üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.