Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzi ilə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, Mərkəzin kollektivi ilə görüşündə S.Babayev Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamının ölkəmizdə reabilitasiya yönümlü sosial xidmətlərin əhatə dairəsinin dəfələrlə artmasına şərait yaratdığını vurğulayıb. Nazir Sərəncamın icrası işləri çərçivəsində respublikamızda günərzi qayğı mərkəzlərinin sayının da iki dəfədən çox artırılaraq 28-dən 58-ə çatdırılacağını, günərzi mərkəzləri şəbəkəsinin bölgələr üzrə genişləndiriləcəyini, həmçinin yeni sosial xidmət istiqamətləri üzrə mərkəzlərin yaradılacağını deyib. O vurğulayıb ki, ümumilikdə Sərəncam sosial sifarişlər əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün mərkəzlərin sayının 3,5 dəfə artırılmasına, nəticə etibarilə 200-ə yaxın belə mərkəzin fəaliyyət göstərməsinə imkan yaradıb.
Mərkəzdə yaradılmış şəraiti, buradakı günərzi qayğı xidmətlərini, uşaqlarla aparılan işləri nəzərdən keçirən S.Babayev göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə bağlı müvafiq tapşırıqlarını verib.
Bundan başqa Sahil Babayev Gəncədə vətəndaşları fərdi qaydada qəbul edib.
Vətəndaşlarla görüşdə onların bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, əlilliyin qiymətləndirilməsi, bərpa müalicəsinə köməklik göstərilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinin iştirakı ilə keçən qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər görülüb.
.jpg)
Eyni zamanda, nazir müavini Mətin Kərimli Samuxda, digər müavin Anar Kərimov Göygöl rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər. Vətəndaşların müraciətləri cavablandırılaraq, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi təmin edilib.



Son xəbərlər
Son Xəbərlər