Sahil Babayev vətəndaşlarla görüşdü - Fotolar

sahil-babayev-vetendaslarla-gorusdu
Oxunma sayı: 2096

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Salyan rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl Sahil Babayev və Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin Salyan rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qəbul zamanı vətəndaşların sosial təminat növləri üzrə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, özünüməşğulluq və peşə hazırlığı proqramlarına, bərpa müalicəsinə cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə tədbirlər görülüb. Ayrı-ayrı vətəndaşların aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri, sosial xidmətlərlə təmin edilmələri və s. tapşırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı ətraflı izahatlar verilib. 

Salyan rayonunda olarkən Sahil Babayev Sevindik Hətəmovla birgə bu rayonda özünüməşğulluq proqramının iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçiriblər.

Ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Salyan rayonunda 1321 nəfər münasib işlə, “İşsizin DOSTu” proqramı çərçivəsində isə rayonda 631 nəfər ödənişli ictimai işlə təmin edilib. Salyanda 2019-cu ildə əvvəlki illə müqayisədə 50 faiz çox olmaqla, 151 nəfər işsiz və işaxtarana özünüməşğulluq proqramı əsasında mal və materiallar formasında aktivlər verilməklə onların kiçik ailə müəssisələri yaradılıb. Onlardan 100-dən çoxu müharibə veteranları, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan və ya çoxuşaqlı ailələrin üzvləridir.  

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Cəlilabad rayonunda həmin rayonun və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Biləsuvar rayonunda Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul ediblər.