İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəsi Ə.Fərəcov hesabat verərək ötən ildə də qəsəbədə böyük işlər görüldüyü qeyd edib. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış və icrası ötən il yekunlaşmış “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Sahil qəsəbəsində 253 və 273 saylı orta məktəbləri, “Aynur” uşaq bağçası əsaslı təmir olunub. Bundan əlavə “Nağıl” və 301 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmiri, Gənclər evinin, yanğından mühafizə bölməsinin tikintisi işləri davam edir. Bu il 46 çoxmərtəbəli yaşayış binası, 2 məktəbəqədər tərbiyə və 4 təhsil müəsisəsi istilik enerjisi ilə təmin olunub. Qəsəbə ərazisində geniş quruculuq və abadlıq işləri davam etməkdədir. Qəsəbənin mərkəzində Rotterdam küçəsinin açılıb, “Şəhidlər kopmleksi”ndə əsaslı təmir olunaraq “Soyqırım abidə”nin önündə abadlıq və işıqlandırma işləri görülüb. Qəsəbənin cənub tərəfdən girişində rayon İcra hakimiyyəti tərəfindən yeni yaşıllıq zolağı salınıb, 200-dən çox müxtəlif növlü dekorativ ağaclar əkilib, Sahil qəsəbəsinin adını göstərən lövhə quraşdırılıb. Bu ərazidə keçən magistral yolun ətrafında istinad divarları hörülüb, aqlayla üzlənib, müasir işıqlandırma sistemi quraşdırılıb.
Daha sonra Sahil bələdiyyəsinin sədri Ş.Nəcəfov bələdiyyə tərəfindən görülmüş işlər barədə yığıncaq iştirakçılarına məlumat verib.
Hesabat yığıncağında iştirak edən 300-ə yaxın qəsəbədə sakinlərin 12 nəfəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən fərdi qaydada dinlənilib.
Qəsəbə sakinlərini dinləyən Süleyman Mikayılov sakinlərin müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti rayon idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.