İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 6-8 iyun 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir.
"Qafqazinfo" xəbər verir ki, iyunun 7-də nazir Şahin Mustafayev Forum çərçivəsində Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşüb.
Görüşdə Şahin Mustafayev bildirib ki, Azərbaycanla Rusiya Federasiyasının federal subyektləri, o cümlədən Sankt-Peterburq vilayəti arasında iqtisadi əməkdaşlıq inkişaf edir, iqtisadi-ticarət əlaqələri genişlənir. 2018-ci ildə Sankt-Peterburq vilayəti ilə ticarət dövriyyəsi 7,3% artıb.
Sonra Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Leninqrad vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Qeyd edək ki, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlıq haqqında saziş də imzalanıb.
23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycan və Rusiya iş adamlarının görüşünün təşkili nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər