Şahin Mustafayevin hesabat çıxışı

sahin-mustafayevin-hesabat-cixisi
Oxunma sayı: 849


“Qafqazinfo”nun məlumatına görə, bunu yanvarın 27-də Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, il ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub: “Cənab prezident, tapşırığınıza uyğun olaraq kənd yollarının tikintisi davam etdirilmiş, hesabat ilində Sizin 43 sərəncamınızla bu məqsədlərə əlavə vəsait ayrılmış, əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılmışdır.

İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınmış, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilmişdir”.

Şahin Mustafayev “Sənaye ili”ndə regionlarda 105 sənaye müəssisəsinin açıldığını qeyd edib:

“Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri bu il başa çatdırılacaqdır. Hazırda parkda 3 rezident qeydiyyata alınmış, 2 rezident ilə danışıqlar yekunlaşır və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcəkdir”.

Nazirin sözlərinə görə, ötən il elektron xidmətlərin sayı 450-yə çatıb:

“Regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, regionlardan vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır. İl ərzində ölkə üzrə 123 min yeni iş yeri açılmışdır.

Eyni zamanda, qiymətlərin sabit saxlanılması məqsədilə istehlak bazarında gündəlik monitorinqlər aparılmaqla bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş, nəticədə süni qiymət artımına yol verilməmişdir. Cənab Prezident, tapşırığınıza uyğun olaraq, ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilmişdir”.