Şahin Sultanovun məhkəməsi keçirilib

sahin-sultanovun-mehkemesi-kecirilib
Oxunma sayı: 1381


APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan etməyə başlayıb.

Proses fevralın 12-də davam etdiriləcək. 

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında ötən il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

 Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb.

Prosesdə Ş. Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

İş üzrə 30-dan çox təqsirləndirilən şəxs var.

Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsində böyük iclas zalı olmadığından işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxılır.