Bərdə rayonunda Gənclər və İdman idarəsinin və Şahmat UGİM-nin birgə təşkilatçılığı ilə şəhər məktəblərinin şagirdləri arasında “2 fevral Gənclər günü”nə həsr olunmuş şahmat üzrə şəhər birinciliyi keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, keçirilən yarışda 50 nəfər şagird qələbə uğrunda mübarizə aparıblar.
Yarışın açılış mərasimində Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov və Şahmat Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əbülfət Məmmədov çıxış edərək müstəqil Azərbaycanın gənclər siyasətinin banisi Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə, idmanın və xüsusi ilə şahmat oyununun inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.
Dörd gün davam edən yarışda topladığı xallara görə I yeri N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Əliyev Şəmsi Zəfər oğlu, II yeri şəhər 8 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Cəfərov Kənan Xəqani oğlu, III yeri isə N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əkbərli Sənan Azər oğlu tutublar.
Qaliblər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltif olunublar.
Son xəbərlər
Son Xəbərlər