Şahmatda heç-heçələrin ləğv edilməsi təklif edilir

sahmatda-hec-hecelerin-legv-edilmesi-teklif-edilir
Oxunma sayı: 1255

XXII kateqoriyalı Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimindən öncə Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Federasiya rəsmisi bildirib ki, Karlsenin bura gəlməsi bu turnirin dünya şahmatsevərləri tərəfindən izlənməsinə səbəb olacaq:

“XXII kateqoriya ən yüksəkdir və şahmatda bundan yüksəyi ola bilməz. İnanıram ki, heç-heçələrin sayı az və maraqlı partiyaların sayı çox olacaq. Ümid edirəm ki, Azərbaycanlı şahmatçılardan biri bu turnirin qalibi adını qazanacaq”.

M.Məmmədov Sofiya sistemində 30 və ya 40-cı gedişə qədər şahmatçıların heç-heçəyə razılaşmaması ilə bağlı yeniliyin nəzərdə tutulduğunu sözlərinə əlavə edib:

“Ümumdünya Şahmat Federasiyasına yeni rəhbərliyin gəlişi ilə bütün bu yeniliklər müzakirə edilir. İstəyirik ki, heç-heçə sövdələşmələri şahmat taxtasından götürülsün. Ola bilsin ki, növbəti turnirdə biz bu sistemi tətbiq edəcəyik”.

Qeyd edək ki, bu turnirdə Maqnus Karlsen (Norveç, 2845), Dinq Liren (Çin, 2812), Aniş Qiri (Niderland, 2797), Vişvanatan Anand (Hindistan, 2779), Aleksandr Qrişuk (Rusiya, 2771), Sergey Karyakin (Rusiya, 2753), Veselin Topalov (Bolqarıstan, 2740), çexiyalı David Navara (2739), eləcə də azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov (2790) və Teymur Rəcəbov (2756) mübarizə aparacaq. Doqquz turdan ibarət turnirin ilk görüşləri sabah saat 15:00-dan etibarən başlayacaq.

Elsevər Məmmədov