Şair, hökmdarın hüzurundasan!

sair-hokmdarin-huzurundasan
Oxunma sayı: 3230


Səməd Vurğunun məşhur misaralarını xatırladınız yəqin.

Azərbaycan ədəbiyyatında bir neçə məşhur əsərdə belə qarşıdurma olub. Bu mövzulu əsərlərdə ən çox Nəsiminin adı keçir. Bilənlər bilir, bilməyənlər bilsin, Nəsimi dini və ya şəraiət əsasları ilə deyil siyasi fəaliyyətinə görə edam olunmuşdu. Şəriət məhkəməsi onun barəsində bəraət çıxarandan sonra şikayətçilər Hələb sultanına müraciət etdilər. Sultan isə məlum edam qərarını çıxardı.

Bəli, Nəsimi digər təriqət şairlərindən fərqli olaraq həm də siyasi dava aparırdı. Doğrudur, o, hökmdar olmaq istəmirdi, ancaq Azərbaycan cəmiyyətinin üzləşdiyi ağır vəziyyətdən çıxış yolunu ozamankı hakimiyyətin taxtdan salınmasında görürdü. Bunun üçün isə ilk öncə, insanın kamilləşməsini, özünü tanımasını vacib sayırdı. Hətta, sən elə Tanrının özüsən deməkdən də çəkinmirdi.

Qılınca qarşı insan kamilliyi! Azadlığını dərk edən bəşər övladı! Ədəbiyyat adamları üçün göydəndüşmə mövzu deyilmi?!

Onun Teymurlənglə görüşünü və dialoqunu iki əsərdə oxumuşuq: Hüseyn Cavidin “Topal Teymur” və İsa Hüseynovun “Məhşər” əsərlərində.

Daha bir qarşılaşma Səməd Vurğunun “Vaqif” dramında və dramın motivləri üzərində Yusif Səmədoğlunun qələmə aldığı “Qətl günü” romanında Vaqif-Qacar, Şair-Hökmdar qarşılaşmasıdır.

Əsərlərin demək olar ki, hamısında qələm adamları öz həmkarlarını müdafiə edib onların tərfini tutublar. Başqa əlac da yoxdur əslində. Hökmdarın hüzurunda əzilib-büzülən şair tarixdə yaxşı görünməz!

Nizami Gəncəvinin bütün dəvətlər müqabilində saraya getmədiyini bilirik. Xəqaninin saraydan mübarizcəsinə imtina etdiyi faktı da gizli deyil. Füzulinin isə dövrünün şahlarla münasibəti ənənəvi Şərq dəyərlərinə uyğun olaraq onlara əsər həsr etməsi və təqaüd alması faktı ilə kifayətlənir. Ancaq bu yaxınlarda Füzulinin də saraya dəvət edilməsi ilə bağlı ilginc bir faktla qarşılaşdım. Sən demə Şah İsmayıl onu saraya dəvət edibmiş... Bildiyiniz kimi Şah İsmayıl özü də şeir yazdığından onun sarayda ədəbi məclisi vardı. Buraya qəzəl yazanlar da, muğam oxuyanlar da, aşıqlar da gəlirdi. Füzuli isə həmin dövrdə İmam Hüseyn ziyarətgahının xüddamı idi. Orada təmizlik işlərinə baxır, ayaqqabı cütləyirdi. Böyük şair ömrü boyu bu xidmətdən şərəf duyduğunu yazırdı.

Odur ki, Şah İsmayəılın dəvətinə belə bir cavab verir:

“Mən sizdən daha böyük bir şahın xidmətindəyəm!”

Şiəlik bayrağı altında güneyə-qüzeyə hökm edən Şah İsmayıl bu cavabdan mütəəssir olur və yaxın əshabələrinə bildirir:

“Əgər o, dəvətimi qəbul edib saraya gəlsəydi, boynunu vurdurardım!”

Bu deyilənlərin və yazılanların nə qədər real olduğu məni maraqlandırmır. Mənə maraqlı gələn bu əhvalatların öz sətirləri altında gizlədiyi mətləblərdir.

Əgər bir məşhur qələm adamının kimliyini bilmək istəyirsənsə onun dövrünün hökmdarları ilə münasibətinə diqqət et. Çünki hökmdarlıq elə bir məqamdır ki, onun qarşısında hər kəsin maskası yırtılır, əsl kimliyi üzə çıxır.

Şair-hökmdar münasibətləri ilə bağlı belə bir deyim də var Azərbaycanda: Hökmdar alov kimidir, çox uzaq dursan donar, çox yaxın dursan yanarsan...