Sakinlər soyuqda qalıb... - Şikayət

sakinler-soyuqda-qalib-
Oxunma sayı: 972

Nəsimi rayonunun sakinləri mənzillərə istilik verilmədiyi üçün “Qafqazinfo”ya müraciət edib. 

Onların sözlərinə görə, bir aydan çoxdur ki, yaşadıqları 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, bina 1 ünvanındakı 9 mənzilin istilik problemi həll olunmur: “Bununla əlaqədar olaraq dəfələrlə “Azəristilik"in qaynar xəttinə zəng etsək də, problemimizi həll edən olmayıb. Aidiyyatı orqanlardan problemin həll olunmasını xahiş edirik. Evimizdə uşaq var, bu soyuq havada istiliksiz necə yaşamaq olar?”

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı “Azəristilik” İstehsalat Biriliyinin mətbuat katibi Rafiq Əliyevlə əlaqə saxlayıb. Katib bildirib ki, burada qurumun heç bir təqsiri yoxdur, bəzi mənzillərdə istiliyin olmamasının səbəbi qonşular arasında yaranan anlaşılmazlıqdır: “Sözügedən bina Mənzil-tikinti kooperativinin daxilində olan binadır və bizdən də istilik alır. 5-ci mərtəbədə yaşayan bir sakin evinə kombi qoyan zaman xətləri kəsib. İşçilərimiz problemə görə binada olub və bildirib ki, ya 5-ci mərtəbədə yaşayan sakin xətti bərpa etməlidir, ya da dördüncü mərtəbədən dövriyyə geriyə qaytarılmalıdır. Mənzil-tikinti kooperativinin daxili işinə qarışa bilmərik. Sakinlər öz aralarında razılığa gəlib xətləri bərpa etməlidirlər, olmadığı təqdirdə məsələ hüquqi müstəvidə həll edilməlidir. Digər mənzillər istilik alır. Məsələ ilə bağlı “Azəristilik”in üstünə hər hansı bir məsuliyyət düşmür”.

Günel Hacı