Saleh Məmmədov bu yolla bağlı tapşırıq verib

saleh-memmedov-bu-yolla-bagli-tapsiriq-verib
Oxunma sayı: 2101

“Yollar bərbad olduğu üçün uşaqlar məktəbə gedə bilmir”. Bu sözləri “Qafqazinfo”ya şikayətində Hacıqabul rayonu Kolanı kənd sakinləri deyib.

Onların sözlərinə görə, yağış yağan zaman kənddaxili yollar keçilməz olur: “Dəfələrlə bələdiyyəyə, İcra Hakimiyyətinə müraciət etmişik, amma heç bir iş görülməyib. Uşaqların məktəbə davamiyyətində problemlər yaranır, palçıq və gölməçələrə görə yollarda hərəkət etmək mümkünsüz olur”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı “Qafqazinfo”ya bildirib ki, qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovun tapşırığına əsasən sözügedən kəndin əsas daxili yolları yaxın zamanda təmir olunacaq: “Yanvarın 24-də Saleh Məmmədovun Şirvan şəhərində vətəndaşlarla görüşü olub və bu zaman Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşlarının müraciət və şikayətlərinə baxılıb. Həmin görüşdə Talış və Kolanı kəndlərinin sakinləri də iştirak edərək şikayətlərini bildiriblər. 2016-cı ildə Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan kəndlərini birləşdirən avtomobil yolu yenidən təmir olunaraq istifadəyə verilib. Həmin layihəyə Talış və Kolanı kəndlərini birləşdirən yol daxil deyildi.

Saleh Məmmədovun tapşırığına əsasən, yaxın zamanda sözügedən iki kəndi birləşdirən yolun tikintisinə başlanılacaq. Sakinlərin şikayətləri nəzərə alınaraq sədr həmçinin kənddaxili bəzi mərkəzi yolların, məsələn, məktəb, tibb məntəqəsi və qəbiristanlıq yollarının da təmir olunması ilə bağlı tapşırıq verib. Kənddaxili yolların təmiri Agentliyin balansında deyil. Sadəcə layihədən kənar olaraq təmir həyata keçiriləcək. Hava şəraiti imkan versə, qısa müddətə işlərə başlanılacaq. Yenə də hava şəraiti imkan verərsə, 1 aya, ay yarıma bitirilməsi nəzərdə tutulub”.

Günel Hacı