Salyanda məcburi köçkünlə bələdiyyə arasında qarşıdurma

salyanda-mecburi-kockunle-belediyye-arasinda-qarsidurma
Oxunma sayı: 800

Salyan rayonu Yuxarı Noxudlu kəndində məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Novruzov Əli İsa oğlu həyətyanı torpaq problemi ilə bağlı “Qafqazinfo”ya müraciət edib.

O, icra nümayəndələri tərəfindən ölümlə hədələndiyini qeyd edir: "Martın 10-da atam Novruzov İsa dünyasını dəyişib. Həmin gündən etibarən kənd sakinlərinin, o cümlədən İcra nümayəndəsi Kamran Səmədovun, kənd sakini Məmmədov Vüqar Sərxoş oğlunun, Səfərov Rəşadın təzyiqlərinə məruz qalmışıq.

Məmmədov Vüqar məni ölümlə hədələyir, deyir ki, atamı o öldürüb. 23 ildir məskunlaşdığımız yeri, 16 il əkib becərdiyimiz torpağı əlimizdən almaq istəyirlər. Hazırda vəziyyətim ağırdır. Üstümə bir neçə dəfə təcili yardım çağırılıb. Neçə gündür evimizdən çıxa bilmirik, ərzağımızı Bakıdan bacımgil, digər qohumlarımız alıb gətirirlər".

Problemlə bağlı Salyan rayon icra hakimiyyətinin sosial iqtisadi məsələlər üzrə müavini Təranə İsmayılova “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, Əli Novruzov və anası torpaq mübahisəsi ilə bağlı başçının qəbulunda olublar: “Araşdırma zamanı məlum oldu ki, mübahisəli ərazi həmin şəxsin pay torpağıdır. Kimsə ehtiyacı olub həyətyanı sahə üçün bələdiyyəyə müraciət edərsə, həmin yerdən ona torpaq verilir. Həyətyanı sahə verilmədiyi müddətcə oradan əkin sahəsi üçün istifadə edilir. Yalnız müraciət edən olarsa, həyətyanı sahə verilir və orada tikinti aparılır.

Bələdiyyə öz işini qurub fərqli yerlərdən kəndlilərə sahələr verib. İndi isə məcburdur ki, həmin yerləri həyətyanı torpaq sahəsi təklif etsin. Şikayət də ondan ibarətdir ki, həmin torpaq həyətyanı kimi verilməsin, oradan əkin sahəsi kimi istifadə edilsin.

Başçının qəbulunda olarkən onlara başqa yerdən əkin üçün yer,12 sot əlavə həyətyanı torpaq sahəsi, yaxın ərazidən iki hektar torpağı 10 illik müddətinə müqavilə əsasında onlara verilsin və əkin sahəsi kimi istifadə edilsin. Bu təkliflərə Əli Novruzovun anası razılıq vermədi. Biz bacardıqca tərəflər arasında sakitlik yaradırıq.

Yenidən gələn həftə ərazidə görüş təyin etmişik. Döyülmək, ölümlə hədələnmək söhbəti yoxdur. Tərəflərin ikisi də bir-birini ittiham edir. Ona görə də ortaq nəticəyə gələ bilmirlər. Bu məsələdə son nəticə yəqin ki, gələn həftə bilinəcək”.