Xəbər verdiyimiz kimi, yazar Qan Turalının “Fələk qırmancı” romanı çap olunub.
Qan Turalı “Qafqazinfo”ya həmin romanın maraqlı bir hissənini göndərib.
“Fələk qırmancı”ndan həmin parçanı təqdim edirik:
“Bir gün günorta namazından sonra istirahət saatında qapım təlaşla döyüldü, “gəl” söylədim, Heydər qapını açıb içəri girmədi, “Şeyx bizi çağırır” deyib çıxdı, mən də onun arxasınca pilləkənləri dırmaşıb Şeyxin otağının qarşısında dayandım. Heydər qapını döydü, Şeyx qapını açdı, bizi içəri dəvət etdi. Şeyxin sifətində narahatçılıq və qorxu vardı. Biz nimdərlərin üstündə oturduq, Şeyx də oturdu. Üzünü bizə tutub əvvəllər heç zaman eşitmədiyim həyəcanlı bir səslə danışmağa başladı:
– Başımıza iş gəlib. Təbrizdən bir dəstə müridimiz Gəncəyə gedirmişlər. Yolüstü Şamaxıda karvansaraya düşüblər, orada nə olubsa, qazı onları həbs edib. İndicə yanıma Təbrizdən adam gəlmişdi, dedi ki, Təbriz Şeyxi Abdulla Həzrətləri xahiş edir ki, onları zindandan qurtarım. Düzü, onların niyə həbs olunduqlarını Şeyx mənə yazmayıb, eləcə yazıb ki, bu xəbərin yayılması təriqətimizi nüfuzdan salacaq, ona görə də işimizi ehtiyatlı tutmalıyıq. Mən Şamaxıya adam göndərdim, orada Şeyx Qalibdən xəbər aldı, Şeyx Qalibin də xəbəri yoxdur, özü də təəccübləndi ki, müridlər niyə onun təkkəsinə yox, karvansaraya düşüblər. Onu da dedi ki, şəhər qazısının da, qalabəyisinin də yanında sözü keçməz. Bəlkə də düz demir, Təbrizdən məktubu ona yox, mənə yazdıqları üçün qüruruna toxunub, ona görə özünü qırağa çəkir. Müşkülə düşmüşük. Bayaq Molla Sadiqin dalınca adam göndərdim, onun Şamaxıda dostu-tanışı çoxdur, görək, o nə məsləhət bilir. Sizi də həm məsləhətə çağırmışam, həm də istəyirəm ki, Molla Sadiqlə biriniz Şamaxıya gedib, bu işi yoluna qoyasınız.
Qapı döyüldü, Şeyxin xidmətçisi mürid içəri girib Molla Sadiqin aşağıda Şeyxi gözlədiyini dedi, Şeyx də: “Dərhal içəri gəlsin”, – deyə əmr etdi. Molla Sadiq içəri girəndə bircə mən ayağa qalxdım, Şeyx Mollaya yer göstərdi, hadisəni bizə danışdığı kimi ona da nəql elədi.
Molla Sadiq bir müddət susdu, sonra sanki utana-utana danışmağa başladı:
– Şeyx həzrətləri, qazı mənim köhnə dostumdur, bir yerdə həm Şamaxıda oxumuşuq, həm də Bağdadda. Keçən həftə Şamaxıya getmişdim, ona da baş çəkdim, dedi ki, bəs beş təbrizli müridi karvansarada zina üstündə tutub zindana saldırıb. Mən hansı təriqətdən olduqlarını soruşmadım, sadəcə, çox təəssüf elədim. Sən demə, bizim müridlərdən imiş. İndi məsləhət bilirsənsə, mən qazı ilə danışıb, onlar üçün bir tədbir tökərəm. Amma onu da deyim ki, bu qazı hələ tələbəlikdən dərvişlərin əlindən yanıqlıdır, üstəlik, özü də çox sərt adamdır, şəriətdə də onların cəzalarının nə olduğunu bilirsən. Mən yenə də deyərəm ona, ondan xahiş edərəm, amma dəqiq deyə bilmərəm ki, o, mənim xahişimi yerinə yetirəcək, yoxsa yox. İstəsən, elə indicə yola çıxıb, axşamtərəfi Şamaxıda olaram, qazının evinə gedib xahişimi edərəm. Qalanı Allah özü bilən məsləhətdir.
Şeyx əlini atıb təsbehi götüdü, və sürətlə çevirməyə başladı. Otağa sükut çökdü. Birdən başını qaldıran Şeyx mənimlə Heydərin sifətinə baxdı və soruşdu:
– Siz nə məsləhət bilirsiniz?
Heydər hər sözü aydın şəkildə tələffüz edə-edə danışmağa başladı:
– Allahın inayətindən Molla Sadiq qazının yaxın dostudur. Qazıdan bu xahişi etmək üçün ondan münasib bir adam yoxdur. Mən belə düşünürəm ki, Molla Sadiq gedib xahiş eləsin, ola bilər ki, qazı onun sözünü eşidə. Mollanın dediyi kimi qazı bu xahişi yerinə yetirməyə də bilər, amma başqa əlacımız yoxdur. Üstəlik, sizin də gözəl bildiyiniz kimi, zinakarların məhkəməsi xalq qarşısında olur, indi məhkəmə olsa, bütün xalq bu xəbəri eşidəcək, beş zinakara görə təkkəmiz tamamilə hörmətdən düşəcək, bəlkə də, heç biz də burada qala bilməyəcəyik. Molla Sadiqin xahişi, inşallah, işi yoluna qoyar, olmasa, şəhər hakiminə rüşvət də verərik, ya da həbsxana rəisinə rüşvət verib onları qaçırdarıq, o da olmasa, beş-altı igid adamı pul gücünə ələ alıb həbsxanaya basqın edərik, onları azad edərik. Məhkəməyə qədər onları oradan çıxartmalıyıq, başqa bir yolumuz yoxdur.
Şeyx razılıq mənasında başını tərpədib üzünü Molla Sadiqə tutdu:
– Molla Sadiq, onda sən elə indi yola çıx, axşam namazından sonra Şamaxıya ancaq çatarsan. Şagirdini də götür, sənə yolda həyan olar, həm də qazı görər ki, bizim müridlər o zinakarlar kimi deyil, bu cür ayüzlü, təqvalı, əxlaqlı müridlərimiz də var. Qazı ilə görüşün nəticəsini bilən kimi mənə çaparla məktub göndərin, mən də o çaparla sizə xəbər çatdıraram, vaxtımız azdır, bu alınmasa, gərək başqa tədbir tökək. Səndən də xahişim budur ki, həll olana qədər Şamaxıda qalasan, qazı işi həll olmasa, başqa vasitələrə əl atıb bu təkkəyə müridlərlə birgə qayıdasan.
Molla Sadiq izin istədi, Şeyx izin verdi, Şeyxin əlini öpüb ayağa qalxdıq, Şeyx bizi qapıya kimi ötürdü, “Allah köməkçiniz olsun” deyə dua etdi. Molla Sadiq atla gəlmişdi, mən də təkkənin ayğırını mindim, on beş dəqiqə sonra təkkə artıq gözdən itmişdi. İkindi namazında fasilə verib namazımızı qıldıq, axşam namazının azanını Şamaxının küçələrində dinlədik. Atlarımızı Cümə məscidinə sürdük, abdəst alıb namaz qıldıq, sonra aşxanaya getdik. Molla Sadiq düyü yedi, mən isə dovğa içdim, gecə namazına az qalmış yenidən məscidə qayıtdıq. Abdəst alıb gecə namazını qıldıq, namazdan sonra qazının evinə getdik.
Qazı gecə qonaqlarını böyük hörmətlə qarşıladı, bir oğlan gəlib atlarımızı tövləyə apardı. Böyük və yaraşıqlı evi vardı, bizi qonaq otağına dəvət etdi. Süfrəyə kişmiş, lumu, müxtəlif çərəzlərlə birgə çay gəldi, mən çayımı içirdim, qazı ilə Molla Sadiq tələbəliklərindən danışırdılar. Çay dəstgahı başa çatdı, amma tələbəlik söhbətləri uzanırdı, əsasən də qazı danışırdı. Axırda Molla Sadiq dedi ki, onun yanına bir xahişə gəliblər, amma gərək dostluqlarının xətrinə qazı bu xahişi yerə salmasın. Qəfildən qazı ciddiləşdi. “Sən mənim oğlumun başını da istəsən, mən müzayiqə eləmərəm”, – dedi. Molla Sadiq danışmağa başladı:
– Biz neçə ilin dostuyuq, bu, öz yerində. Amma mən bura bizim kənddə təkkə şeyxinin xahişini eləməyə gəlmişəm. Bax, gördüyün bu oğlan da bizim təkkənin mücərrədidir, özü də elə bizim kənddəndir. Deməli, məsələ belədir. Bir həftə bundan əqdəm burada beş müridi zindana saldırmısan. Onlar bizim kəndin təkkəsi ilə eyni təriqətdəndirlər. Şeyx məni yanına çağırıb xahiş etdi ki, onları buraxdırım, çünki həmin müridlərin xalq qarşısında məhkəməsi olsa, onların təkkələri təmiz etibardan düşəcək, xalq arasında lağlağıya çevriləcəklər. Mən bilirəm ki, onlar zinakardır, zinakarların cəzasının nə olduğunu da bilirəm, amma sən qazısan, bir hiyləyi-şəriyyə tapıb onları azad etdirə bilərsən. Misal üçün, kağız yazarsan ki, onlar Şamaxı sakini deyillər, onların məhkəməsi Təbrizdə olmalıdır, buraxarsan, gedərlər. Özün də yaxşı bilirsən ki, beş təbrizli müridin günahına görə buradakı təkkələri sui-zənn qarşısında qoydurmaq olmaz. İndi mən səndən ömrümdə bir xahiş edirəm, çox istəyirəm ki, məni naümid qoymayasan, bu məsələni həll eləyəsən.
Qazı fikrə getdi. Başını qaldırıb Molla Sadiqə baxdı:
– Sən nə vaxtdan təkkənin etibarını düşünən olmusan, Sadiq? Tələbəlik illərimiz nə tez yadından çıxıb? Onlara “kafir” deyən sən deyildin? Demirdin ki, onlar zinakardır, uşaqbazdır? İndi gör sən kimlərin xahişini etməyə gəlmisən. Əbu Zər yadından çıxıb? Yoxsa Əbu Zər kimi onlar sənin də saqqızını oğurlayıblar?
Molla Sadiq bir müddət susdu, qazının sözlərini öz beynində çək-çevir eləyib cavab verdi:
– Şeyx çox savadlı və alim adamdır, ömründə məndən bir xahiş edib, mən onu yerə sala bilmərəm. Ona da söz vermişəm ki, bu xahişi edəcəm səndən. İndi sən bu xahişi yerinə yetirsən də sağ ol, yetirməsən də. Məni burada bircə Şeyxin etibarı maraqlandırır. Özün də məndən yüz dəfə yaxşı bilirsən ki, qazıdan zinakarların xahişini etmək nə deməkdir. Amma mən rahatam, o mənada ki, öz xahişimi eləmirəm, həm də xahiş elədiyim adam özgəsi deyil, dostumdur, mənim bu xahişi niyə etdiyimi yaxşı başa düşər. Kəsəsi, mən həm Şeyxin, həm də özümün adından səndən bu yersiz xahişi edirəm. Deyir, istəyənin bir üzü qara, verməyənin iki üzü. Səni bu dünyada, bəlkə də, məndən yaxşı tanıyan adam yoxdur, onu da bilirəm ki, dəlilsiz-sübutsuz bir şeyi etməyə səni heç kim məcbur edə bilməz. Dəlildə-sübutda bir şey tapa bilirsənsə, xahiş edirəm, onları azad edib məni əliboş göndərməyəsən.
Qazı bu sözlərə diqqətlə qulaq asdı və ayağa qalxıb dedi ki, gedək mənim otağıma, görək nə əlac edirik. Biz evin ikinci mərtəbəsinə qalxdıq, qazının otağı burada idi. Qazı bizə oturmaq üçün yer göstərib çölə çıxdı, xidmətçini çağırıb qəlyan istədi. Xidmətçi əvvəlcə çoxlu şam gətirib otağın hər tərəfinə düzdü, sonra qəlyanı gətirdi. Otaqdakı taxçalar, rəflər də kitabla dolu idi. Qazı əlinə bir qələm götürdü, qələmlə qulağını qaşıya-qaşıya lap birinci taxçanı açdı və oradan bir neçə kitab seçib götürdü, gəlib bizim qabağımızda oturub onları vərəqləməyə başladı. Sonra ayağa qalxıb pəncərənin qarşısında dəftərləri götürüb vərəqləməyə başladı. Molla Sadiq də darıxdığından qazının bayaq rəfdən götürüb yerə qoyduğu kitabların birini götürüb vərəqləməyə başladı. Mən də əvvəlcə izin alıb kitablara baxmaq istədim, sonra qazını məşğul görüb izinsiz taxçalardakı kitablara baxdım. Könlümə şeir oxumaq düşmüşdü, amma bu qədər kitabın içində bircə dənə də olsun şeir kitabı yox idi. Mən də İbn Tüfeylin “Hayy ibn Yekzan” əsərini götürüb oxumağa başladım. Heydər mənə bu kitab haqqında çox danışmışdı, amma tapıb oxuya bilməmişdim.
Hayy kimsəsiz bir adada doğulmuş, onu ceyran əmizdirmişdi. Bu adaya gələn Abdalla tanış olur, Abdal ona ilahi sirləri öyrədir. Sonra Abdalla başqa adaya gedirlər. Saatlar keçir, nə qazı, nə də Molla Sadiq danışır, mən də kitabı oxuyurdum. Kitab çox sürətlə oxunurdu, sona bir neçə səhifə qalmış mən başımı qaldırıb dostları yenə də çox məşğul gördüm. Başımı aşağı salıb kitabı tamamladım, sonra onu örtüb gözlərimi yumdum, kitab haqqında düşünməyə başladım. Hekayət məni elə sərməst etmişdi ki, bura niyə gəldiyimizi də unutmuşdum. Hayy bin Yekzanı unudub zindandakı beş mürid haqqında düşüncələrə qapı açdım.
İndi bu otaqdakı hər üç adam zindandakı beş mürid haqqında düşünürdü. Qazı şəriət hiyləsi ilə onları azad etmək haqda fikirləşir, Molla Sadiq təriqətin səlaməti naminə onların azadlığını arzulayırdı, mən isə mədrəsə oxumasam, hüququ onların yarısı qədər bilməsəm də, ürəyimlə hiss edirdim ki, onları xilas etməyin mütləq bir yolu var. Zindandan azad olan Yusifin surəsi yenə
yadıma düşdü, ürəyimdə bu surəni özüm üçün oxumağa başladım, 23-cü ayəyə gəldikdə isə sanki bir anda beynim işıqlandı, “tapdım” deyə qışqırmaq istədim.
Qazı mənim bu qərarımı gözləyirmiş kimi bayaq pəncərənin qarşısında oturduğu yerdən qalxıb gəldi, mənimlə Molla Sadiqin qarşısında oturdu və üzüntülü səslə dedi:
– Özün bilirsən ki, dini elmlər arasında hələ tələbəlikdən belə ən yaxşı bildiyim fiqh elmidir, hüquq elmidir. İndiyə qədər onlarla dəfə zina haqda hökm vermişəm, işin bütün tərəflərini bilirəm. Əslində baxsan, orada çətin bir iş də yoxdur, dörd şahid varsa, zina sübuta yetirilmiş sayılır, zinakar subaydırsa, yüz şallaq vurulur, evlidirsə daşqalaq edilir. Bağdadda oxuyan oğlumdan Əli İbn Kəsraninin verdiyi hökmləri istəmişdim, dörd-beş gün bundan qabaq kitablar gəlib mənə çatdı. İndi bu hökmlərə baxırdım, gördüm ki, buna bənzər hökmlər olub, amma heç birində zinakarları buraxmayıblar. Misal üçün, dörd zinakar bəktaşini edam etdirib, bir dəfə də iki şərab içdikləri yerdə tutulanları dar ağacından asdırıb. Əslində bəktaşiləri edam etdirmək hüquqa zidd olmalıdır, çünki sən də bildiyin kimi, şərabın cəzası yüz şallaqdır. Amma qazı ictihad edib ki, bəs bu dərvişlər ibrət nümunələri olmalıdırlar, əslində Quranda dəqiq yazılan şəraba görə şallaq cəzasına görə ictihad da düz deyil, amma Həzrəti Ömər sonra bu cəzanı artırıb deyə qazı da ictihadla bu qərarı dəyişdirib. Qazı qərarında yazır ki, xalq onlardan nümunə götürməlidir, dərvişlər özləri belə deyirlər, belə böyük-böyük danışdıqları halda cahillərə məxsus cinayətləri etdiklərinə görə edam olunublar. Hər iki hökmün sonunda qazı “heç bilənlə bilməyən bir olarmı” ayəsinə istinad edib. Amma burada maraqlı olan nədir, onu da deyim. Bu qazı “Ənəlhəqq” deyən hürufiləri azad edib, onun fikrinə görə, şəriət adamı deyillər, şəriəti qəbul etmirlər, buna görə də onlara şəriət hökmlərini tətbiq etmək olmaz. Bayaqkı edamlarla bu azadetməni belə fərqləndirib ki, bəs zina, şərab avamların, cahillərin günahıdır, “Ənəlhəqq” demək isə kamillərin günahıdır, bunlara fərq qoymaq lazımdır. Sənin dediyin məsələni, onların şamaxılı olmamalarını da araşdırdım, sən deyən o zaman mümkündür ki, bir ölkənin təbəəsi başqa bir ölkədə cinayət etsin, daha doğrusu, bir neçə dəfə olub, misal üçün, Əli ibn Kəsrani bir dəfə zina edən beş misirlini azad edib, Misir qazısına yazdığı məktubla mühafizə altında bu zinakarları Misirə göndərib. Çünki Misir şahı ilə Abbasilər belə şərt kəsiblərmiş ki, hər bir cinayətkar təbəəsi olduğu dövlətdə mühakimə edilməlidir. Amma Kəsrani Misir qazısına yazdığı kağızda cinayətlərin tam şəkildə sübuta yetirildiyini yazır və deyir ki, bu zinakarlar öz cəzasına çatmasa, Qiyamət günü iki əlim də sənin yaxanda olacaq. Başa düşürəm ki, bunu sənə demək çətindir, amma oxuduğum elmə and olsun ki, mənə də asan deyil. Mən bu müridləri buraxdıra bilmərəm.
Qazı bu sözləri deyib susdu, Molla Sadiq də başını aşağı saldı. Mən bu susqunluqdan cəsarətlənib qazıdan soruşdum:
– Qazı həzrətləri, bəs zərurət halı necə? Zərurət halında şərab içmək də, insan əti yemək də, dini inkar etmək də halal buyurulub...
Qazı mənə baxıb təəccüblə soruşdu:
– Burada hansı zərurət halından söhbət gedə bilər ki, oğlum? Zinanın zərurətimi olar?
Mən üzümü Molla Sadiqə tutub dedim:
– Molla Sadiq mənə Sədinin “Gülüstan”ını öyrədib. Orada bir hekayət vardı. Dərvişi bir oğlanla zina üstündə tutub məhkəməyə çıxarırlar. Dərviş də məhkəmədə deyir ki, bəs mən nə edim, pulum yoxdur evlənəm, taqətim də yoxdur səbir edəm, islam dinində də rahiblik qadağandır. Bu hekayə haqqında çox düşünmüşəm. Doğrudur, islam dinində rahiblik qadağandır, amma dərvişlərdə qadağan deyil, hətta fəzilətlidir. Allah insanı kişilərdən və qadınlardan yaradıb, Allahın yaratdığının ziddinə getmək isə cinayətdir. Müridlər də insandır, onlar da qadın istəyirlər, oruc tutmaqla öz nəfslərini sındıra bilməyiblər, Şamaxıda təkkə ola-ola karvansaraya düşmələri sübut edir ki, onlar zinaya əvvəlcədən hazırlaşıblar. Burada günahkar olan Allahın yaratdığı duyğuların əksinə gedə bilməyən müridlər yox, onlara bu qadağanı qoyan, onları qadından uzaqlaşdıran təkkədir. Müridlər heç şübhəsiz ki, günahkardırlar, amma onların günahı təkkənin günahı qarşısında nədir ki?
Qazı mənim bu sözlərimə açıq-aşkar sevinmişdi. Hətta sevincini bəlli də edirdi, amma Molla Sadiq mısmırığını sallamışdı. Qazı ondan fikrini soruşanda da “özün bilən məsləhətdir” dedi. Amma qazı onun bu hərəkətinə çox fikir verməyib mənə sual verdi:
– İndi sən nə məsləhət görürsən?
Mən hər bir sözü aydın şəkildə tələffüz edə-edə danışmağa başladım:
–Məsləhət sizindir, hörmətli qazı. Amma mənim fikrimi soruşursunuzsa, onların dilindən təkkədən çıxmaları və qırx gün içində evlənmələri haqda iltizam alıb elə bu gecə buraxaram.
Qazı sözlərimdən sonra ayağa qalxdı, taxçadan möhürlü kağız götürdü və yazmağa başladı. Yazıb qurtarandan sonra kağızı mənə verib dedi ki, bərkdən oxuyum. Kağızda qazı yazmışdı ki, dərvişlərin zinakarlığı üçün zərurət mövcud olub, onlar dərvişlikdən tövbə etdikləri və qırx gün ərzində evləndikləri təqdirdə azad olunmalıdırlar. Molla Sadiq hökmü gərginliklə dinləyirdi. Qazı sonra xidmətçini çağırıb dedi ki, atları hazırlasın, həbsxana rəisinin də evinə adam göndərib ona çatdırsın ki, qazı həbsxanaya gələcək, hazır olsun.
Bir az sonra həbsxananın qapısında rəis məni, qazını və mollanı qarşıladı. Qazı onunla görüşüb dedi ki, bizi müridlərin yanına aparsın. Müridlərin beşi də bir hücrədə qalırdı. Müridlər bizi görüb təəccübləndilər və hamısı ayağa qalxdı, qazının işarəsi ilə oturdular, sonra qazı hökmü həbsxana rəisinə verib dedi ki, bərkdən oxusun. Hökm qurtarandan sonra müridlərin hamısı sevinməyə başladılar, qazıya çoxlu təşəkkür etdilər. Qazı da onların sözlərini eşitməməzliyə vurub dedi ki, razıdırlarsa, elə bu dəqiqə kağız yazıb həbsxana rəisinə versin, sonra mürəxxəs olsunlar. Onların hamısı bir-birinin sözünü kəsə-kəsə razılaşdı. Onda həbsxana növbətçisini qələm dalınca göndərdi, hər bir dərviş hökmlə razılaşdıqlarını elə hökmün altına yazıb kağızı qazıya verdilər. Qazı da onların yazılarının altına “azad edilsinlər” yazıb kağızı həbsxana rəisinə verdilər. Sonra qazı ilə bir yerdə çıxdıq, qazı Molla Sadiqdən xahiş etdi ki, evə qayıdıb dincəlsin, artıq şəfəq sökülürdü, Molla Sadiq də dedi ki, söz vermişəm ki, xəbər bilən kimi Şeyxə xəbər etməliyəm, izin verilsə, müridlərlə birgə elə indicə gedərəm. Qazı da razı oldu, bizim atlarımızı gətirmək üçün adam göndərdi, atlar gələnə qədər müridlər də zindandan çıxdılar.
Amma çox yorğun idik, karvansaraya yollandıq ki, bir az yatıb yolqabağı dincələk. Yerimə girib sevinclə yatdım. Bir az istirahətdən sonra bazara gedib müridlər üçün paltar aldıq, bir araba kirayələdik, biz atlarla qabaqda, araba arxada yola düzəldik.
Molla Sadiq çox pərt idi, qazıya təşəkkür etməməyi də gözümdən qaçmamışdı. Şəhərdən çıxandan sonra Molla üzünü arabaçıya tutub dedi ki, bizim bir az söhbətimiz var, biz qabaqda gedəcəyik, siz də arxadan gələrsiniz. Yuxulu arabaçı da: “Oldu ağa”, – dedi və biz atları sürüb arabadan göz məsafəsincə uzaqlaşdıq, sonra atları yavaşıdıb söhbətə başladıq:
– Sən doğrudanmı belə düşünürsən, yoxsa müridləri azad etmək üçün belə danışdın?
– Ay Molla Sadiq, bunun nə fərqi var?
– Mənim üçün fərqi var. Lap tutaq ki, fərqi yoxdur. İndi Şeyxə nə deyəcəyik? Deyəcəyik ki, günahın müridlərdə yox, təkkədə olduğunu qazıya başa saldıq, o da müridləri buraxdı?
– Heç nə demərik.
– Bəs arabadakılar? Onları unutmusan?
– Bilmirəm.
– Sən, guya, nəyi bilirsən ki?
– Məni sancmaq istəyirsənsə, sanc, Molla. Amma sözünü de, bilim nəyə görə incimisən...
– Qazı, bilirsənmi, onları niyə buraxdı? O, təkkəyə düşməndir, təkkəyə düşmən olduğu üçün də sənin dediyin sözlər onun ürəyinə su səpdi, hissiyyatına qapıldı, hüququ tapdaladı. Məni bir şey maraqlandırır, ancaq bir şey. Xahiş edirəm, mənim bir sualıma cavab ver, bu söhbəti bağlayaq.
– Buyur, Molla Sadiq...
– Bayaq qazıya söylədiklərində səmimi idin, yoxsa müridləri azad etmək üçün yalan danışdın? Mənə bunu de.
– Hazırsanmı cavabıma?
– Hazır olmasaydım, sualı verməzdim.
– Səmimi idim, onda da belə düşünürdüm, indi də belə düşünürəm.
– Axı niyə bu cür düşünürsən? Sən o təkkədə ilahi elm öyrənmisən. Sən o təkkədə mənəviyyat öyrənmisən. Sən o təkkənin çörəyini yemisən. Amma qazının yanında təkkəni yerin dibinə soxdun. Bax bunu anlamaq istəmirəm.
– Molla Sadiq, bir söz deyəcəm, amma özünə götürmə, öz nəfsinə götür. Olarmı?
– Sözünü de, hara götürəcəyimi mən özüm bilərəm.
– Yaxşı, mən sənin nəfsinə deyirəm, özün hara istəyirsən götür. Qadının yanından qalxıb Şeyxin yanına gəlmək çox asan işdir, bunu anlayırsanmı Molla? Yox, anlamırsan, anlasaydın, bunu soruşmazdın məndən. Mənim ürəyim heç qadın istəmir, özümü bu cür tərbiyə etmişəm. Ən yaxın dostum bir ildir qadın sevgisini ürəyindən qovmaq üçün çilədən çıxmır. Amma heç cür sevgini də qova bilmir, Allahdandır axı sevgi. Nə uzağa gedirik, o arabadakılara bax. Misal üçün, bir-biri ilə cinsi əlaqədə olduğuna görə paltarları yandırılıb təkkədən qovulan müridlər. Bilirsənmi, mən təkkəyə gələndən neçə dəfə belə hal olub. Gedək sənə izi qalan ocaqları göstərim. Sən öz evində, iki xanımınla yaşayırsan, ona görə də arabadakıları anlamazsan. Bu müridlər üçün zindanla təkkənin fərqi yoxdur. Orada da quru yerdə yatırlar, təkkədə də. Orada da yeməkləri sudan və çörəkdən ibarətdir, təkkədə də. Orada da qadın yoxdur, təkkədə də. Amma həbsxanaya onları öz iradələri ilə salmayıblar, təkkəyə isə uşaq olsalar da, öz iradələri ilə gəliblər. Fərq budur, Molla Sadiq...
Molla Sadiq susurdu. Heç nə danışmırdı. Mən də: “Xətrinə dəydimsə, bağışla”,– dedim, o da “şikayətim yoxdur” cavabını verdi. Bir azdan biz təkkəyə çatıb Şeyxin hüzuruna çıxdıq. Şeyxə müridləri gətirdiyimizi deyəndə o çox sevindi, amma yaxşı ki, necə gətirdiyimiz haqda heç nə soruşmadı. Heydəri də çağırıb təbrizli müridlərlə məşğul olmasını tapşırdı. Bir azdan qəbiristanlığın qurtaracağında müridlərin paltarlarından qalanmış alov yüksəldi. Şeyx də Təbrizə kağız yazıb müridlərin azad olunduğunu bildirdi, bu kağızı çaparla göndərmək üçün Molla Sadiqə verdi. Bir azdan yeni paltarlarını geymiş müridlər Şamaxıdan gəldikləri arabalarla Molla Sadiqin evinə getdilər. Mətbəxə gedib qəlyanaltı elədim, axşam namazını qılıb istirahətə çəkildim”.
Qeyd: “Fələk qırmancı”nın imza günü martın 12-sində Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Romanı sabahdan etibarən Kitabevim.Az-dan ala, AloKitabdan (055 207 8 208) isə sifariş verə bilərsiniz. Kitabın qiyməti 5 manatdır.
