Şamaxı RİH-dən vətəndaşın iddiasına - Cavab

samaxi-rih-den-vetendasin-iddiasina
Oxunma sayı: 6618

Şamaxı Rayon İcra Hakimiyyəti rayon sakini  Xaliq Xudaverdiyevin qardaşının şərlənərək tutulması iddiasına münasibət bildirib.

Qurumdan "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, Xaliq Xudaverdiyevin qardaşı Aslan Xudaverdiyev törətdiyi ayrı-ayrı cinayət əməllərinə, o cümlədən çoxsaylı dələduzluq faktlarına görə CM-nin 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə Aslan Xudaverdiyev barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilib, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Şamaxı RİH qeyd edir ki, Aslan Xudaverdiyev heç vaxt rayon icra hakimiyyəti başçısının qəbulunda olmayıb və hər hansı formatda heç bir mövzunu müzakirə etməyib.

"Rayon icra hakimiyyətinin başçısı və əməkdaşları tərəfindən cəmiyyətdə ayrıseçkiliyə, yerlibazlığa səbəb olan istənilən ifadə və davranış qətiyyətlə rədd edilir və yalnız bir prinsip – Azərbaycançılıq prinsipi üstün tutulur. Bildiririk ki, Xaliq Xudaverdiyevin bu məzmunlu heç bir fakta söykənməyən və əsassız iddiaları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət olunacaq" - deyə məlumatda qeyd olunur.