Şamaxı yolu açıldı

samaxi-yolu-acildi
Oxunma sayı: 648

Ötən gün axşam saatlarında yağan güclü yağış nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 80-ci km-lik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsinə dağlıq ərazilərdən gələn güclü sel suları özü ilə bərabər daş və palçıq qatı gətirərək yolun müvəqqəti bağlanmasına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı “Azəravtoyol” ASC məlumat yayıb. Məlumatda bildirilir ki, əraziyə dərhal “Azəravtoyol” ASC-nin canlı qüvvəsi və ağır texnikası cəlb olunub. Aparılan işlər nəticəsində qısa müddət ərzində palçıq qatı yoldan təmizlənərək avtomobillərin hərəkəti bərpa olunub. Bundan başqa, Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib.

Təbii fəlakət zamanı sözügedən ərazidə yolun altından keçən iki ədəd suötürücü borudan birində çökmə baş verib. Nəticədə yolun hərəkət hissəsində 5 metr enində 30-40 sm dərinlikdə çökmə ərazisi yaranıb, yolun kənarlarında olan torpaq qatı yuyulub. Ərazidə olan avtomobil körpüsünə ziyan dəyməsə də, sutənzimləyici qurğuların müəyəyn hissəsi sel sularından ziyan görüb.

Hazırda ərazidə əməkdaşlarımız tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur.