Şamaxıda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir - Fotolar

samaxida-abadliq-quruculuq-isleri-suretle-davam-etdirilir
Oxunma sayı: 2308

Son illər respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət almaqdadır.

“Qafqazinfo” xəbər verir ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonun küçə və meydanlarında yenidənqurma işlərinə başlanılıb.

Şamaxı şəhərinin Bakı istiqamətində girişində yeni dairəvi yol infrastrukturu qurulub, dairəvi yol rayona səfər edən yerli və xarici qonaqların zövqünü oxşaması məqsədilə yaşıllıqlarla əhatə olunmaqla bura dekorativ ağaclar və kollar əkilib.

Hazırda daha bir belə dairəvi yolun  rayonun digər istiqamətdən girişində qurulması və bu istiqamətdə magistral yolun genişləndirilməsi işləri sürətlə davam etdirilir. Abadlıq-quruculuq işləri çərçivəsində şəhər daxili yollarda asfaltlaşma işlərinə başlanılıb, yol kənarı yaşıllıq zolaqlarının salınması, piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə bütün səkilərin yenidən qurulması və dayanacaqların yenilənməsi işlərinə start verilib.

Bununla yanaşı Şamaxı Pirqulu yolunun Əngəxaran və Çuxuryurd kəndindən keçən hissələrinə də asfalt örtüyü vurulub, yol kənarına müasir işıqlandırma sistemləri quraşdırılıb.

İşlər başlandığı müddətdən bu günədək Şamaxı şəhəri üzrə daxili yollara ümumi uzunluğu 8960 m məsafədə yollara 63400 kv.m, səkilərə 34884 kv.m asfalt vurulub, 16150 m uzunluğunda bardur çəkilib. Rayonun Çuxuryurd kəndində ümumi uzunluğu 2290 m məsafədə 23631 kv.m  yola, eləcə də 4532 kv.m səkiyə və Əngəxaran kəndində ümumi uzunluğu 3466 m məsafədə 28645 kv.m əraziyə asfalt örtüyü vurulub.

Ölkə rəhbərinin birbaşa diqqət və qayğısı nəticəsində aparılan bu quruculuq işləri rayonun turizm potensialının artırılması və gələcəkdə bu regionda turizmin inkişafında müstəsna əhəmiyyət kəsb edəcək.