Şamaxıda Anım Günü silsilə tədbirlərlə qeyd olunub - Fotolar

samaxida-anim-gunu-silsile-tedbirlerle-qeyd-olunub
Oxunma sayı: 1229

27 Sentyabr - Anım Günü Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Səhər saatlarında rayondakı məscidlərdə, həmçinin Şamaxı Cümə məscidində din xadimləri tərəfindən şəhidlərin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

“Qafqazinfo” xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrinin kollektivləri və rayon sakinləri tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, məzarlar üzərinə tər çiçəklər düzülüb.

Tədbirlər çərçivəsində Şəhidlər xiyabanı ətrafındakı ərazidə rayon ictimaiyyətinin iştirakı ilə 500 ədəd Eldar şamı ağacı əkilib.

Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında təşkil olunmuş rəsmi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov “Dəmir yumruq” adlı əməliyyatla Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən geniş söhbət açaraq müharibələrin itkisiz olmadığını qeyd edib, vətən övladlarının böyük şücaət göstərərək qəhrəmancasına şəhid olduqlarını bildirib.

Mərasimdə çıxış edən deputat Tamam Cəfərova Vətən müharibəsi ilə xalqımızın əyilmiş qəddinin yenidən düzəldiyini, milli qürurumuzun geri qaytarıldığını deyib, artıq dünya xalqları qarşısında başımızın dik, alnımızın açıq olduğunu diqqətə çatdırıb.

Sonra YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, QMİ-nin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhməd Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və şəhid atası Rza Nəbiyev çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiyini vurğulayıb.

Tədbir “Qalib Azərbaycan xalqı”, “Müzəffər Ali Baş Komandan”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə yekunlaşıb.

Ölkəmizin hər yerində olduğu kimi, saat 12:00-da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. 

27 Sentyabr - Anım Günü ilə əlaqədar iştirakçılar rayonun ayrı-ayrı kəndlərinə dəfn olunan şəhidlərin məzarlarını ziyarət edib, həmçinin Vətən müharibəsinin ilk günü şəhid olan Rza Məmmədov, İsaxan Qanıyev və Nadir Soltanovun şəhidlik zirvəsinə ucalmalarının 1 ili münasibətilə ailələrinə baş çəkiblər.