Şamaxıda şəhid Samir Kaçayevin yaradıcılıq sərgisi - Fotolar

samaxida-sehid-samir-kacayevin-yaradiciliq-sergisi
Oxunma sayı: 1449

5 mart 2024-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Yaradıcılıq Mərkəzində şəhid heykəltəraş Samir Kaçayevin xatirəsinə həsr edilmiş “Daşa can verib, “küləklə sovrulan”” adlı yaradıcılıq sərgisi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin Çuxuryurd kəndində yerləşən məzarı ziyarət olunduqdan sonra, onun ailə üzvləri, Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri və ictimaiyyət nümayəndələri sərgidə iştirak ediblər.

Qeyd edək ki, Samir Ziyatin oğlu Kaçayev 6 mart 1994-cü ildə Şamaxı rayonunun Çuxuryurd kəndində dünyaya gəlib. 2011-ci ildə orta təhsilini bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr, 2015-ci ildə magistr pilləsinə daxil olub. Lakin Vətənə olan borcu təhsilindən daha üstün sayan Samir hərbi xidmətini Tərtərdə yerləşən hərbi hissədə çəkməyə başlayıb.

2016-cı ilin aprel ayında torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Samir Kaçayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 01 noyabr 2021-ci il tarixində Şamaxıya səfəri zamanı Samir Kaçayevin “Küləklə sovrulanlar” kompozisiyanın instalyasiyasına baxış keçirərək, şəhidin ailəsi ilə görüşüb.