Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Soyqırımı abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzərək Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildiriblər.
“Qafqazinfo” xəbər verir ki, sonra Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Xocalı faciəsinin Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edərək, erməni millətçilərinin xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırım hadisəsinin milli yaddaşımızdan heç vaxt silinməyəcəyini bildirib.
Tədbirdə çıxış edən Xocalı hadisələrinin şahidi, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin zona üzrə sədri Hafiz Ədilov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı rayon prokuroru Müşviq Səfərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov faciənin başvermə səbələrini tarixi, mənəvi və hüquqi cəhətdən qiymətləndirərək soyqırımı ilə bağlı aparılan təbliğatın zəruriliyindən geniş söhbət açdılar.
Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayaraq, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımının beynəlxalq aləmə yayılması, qətliama obyektiv hüquqi-siyasi qiymət verilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin bu Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
Saat 17:00da respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.