Azərbaycan millisinin yarımmüdafiəçisi Samir Məsimovun transfer olunduğu Sloveniyanın “Domjale” klubunun mətbuat xidmətinin rəhbəri Qreqa Krmavnar “Qafqazinfo”ya müsahibə verib. O, futbolçumuzun bu kluba keçidinin necə baş tutmasından danışıb:
- Samir Məsimov rəsmən sizin futbolçunuzdur…
- Bəli. Növbəti 3 ili o, burada keçirəcək.
- Onun transferi necə baş tutdu? Siz bu futbolçunu gördünüz, yoxsa ənənəvi olaraq hansısa agent sizə təklif etdi?
- Bir menecer bizimlə əlaqə saxladı və Samir Məsimovun videolarını göndərdi. Onun keçirdiyi oyunları izlədik. Sonra millinizin baş məşqçisi Robert Prosineçkiyə zəng edib fikirlərini soruşduq. Prosineçkinin dediklərindən sonra müqavilə bağlamaq qərarına gəldik.
- Bizim futbolçular xaricə möhkəmlənməkdə çətinlik çəkirlər. Bəs, Məsimov “Domjale”nin əsas oyunçularından ola biləcək?
- Bu, onun çıxışlarından və özünü necə göstərəcəyindən asılıdır. Bizim ümidimiz var ki, Məsimov bütün potensialını ortaya qoya biləcək və daim ilk “11-lik”də yer alacaq. Yoldaşlıq görüşündə “Levski”yə qarşıya yaxşı çıxış etdi.
- Məsimov Sloveniyada nə qazana biləcək? Kənardan baxsaq, sizin liqa Azərbaycan çempionatından o qədər də güclü deyil…
- Fikrimcə, Məsimov burda əsas heyət oyunçusuna çevrilə bilsə, Avropaya yolu açılar. Bura inkişaf etmək üçün əla yerdir. “Domjale” klubunun tarixi var və burdan neçə-neçə belə gənc oyunçular Avropanın güclü çempionatlarına gedib. Ümid edirəm ki, Samir də eyni yolu keçəcək.
- Bundan sonra Azərbaycan çempionatını izləyəcəksiniz?
- Əlbəttə. Fikrimcə, orda belə gənclər var.
- Yəni başqa azərbaycanlılar da sizin kluba keçə bilər?
- İndiki halda belə fikrimiz yoxdur. Amma gələcəkdə mümkündür. Bilirsiz, biz həmişə azad agent olan gənc futbolçular axtarırıq. Məqsədimiz odur ki, onları yetişdirib daha güclü klublara sataq.
- Hazırda klubunuzda Azərbaycanda çıxış etmiş 2 futbolçu var…
- Bəli. “Bakı” klubunda oynamış Lukaş Mario Horvat və Juninyo bizim komandadadır. Onlar Azərbaycandan çox şey danışıblar. Bu futbolçular hər ikisi “Bakı”ya “Domjale”dən getmişdi və bura da geri döndülər. “Neftçi” bir neçə il öncə “Koper”lə qarşılaşmışdı. Həmin oyun yadımdadır. Bu il də “Qəbələ”nin matçlarını izlədik. Çünki biz Avropa Liqasında Serbiyanın “Çukariçki” klubuna uduzmuşduq. Ona görə də bu komandanın Azərbaycan klubuna qarşı matçını izlədik. “Qəbələ” güclü idi və növbəti mərhələyə çıxdı. Hətta, biz onların qrup oyunlarına da baxdıq.
Elsevər
Son xəbərlər
Son Xəbərlər