Sammit başladı

sammit-basladi
Oxunma sayı: 644

Trend-in məlumatına görə, sammitdə Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentləri - İlham Əliyev, Nursultan Nazarbayev və Roza Otunbayeva iştirak edirlər. Türkiyəni sammitdə Baş nazirin müavini Bəkir Bozdağ təmsil edir.

Qazaxıstan Prezidenti sammit iştirakçılarını salamlayıb və tədbirdə iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib. Nazarbayev qeyd edib ki, əldə olunan razılaşmaya uyğun olaraq, sammitin mövzusu türkdilli ölkələrin iqtisadi əməkdaşlığının inkişafı olacaq.

Nazarbayev türkdilli dövlətlərin birləşməsi məqsədilə gələcək işlərin vacibliyini qeyd edib. Qazaxıstan Prezidenti bildirib ki, zamanla TDƏŞ-ə Özbəkistan və Türkmənistan da qoşulacaq.

Nazarbayev əlavə edib ki, Katibliyin bu iki ölkənin Şuraya qoşulmasına hazırlıq üçün lazımi sənədləşməni işləyib hazırlaması vacibdir.

Nazarbayev TDƏŞ-in Katibliyinin artıq ötən ildən İstanbulda işləməsi ilə bağlı məmnunluğunu ifadə edib. O deyib ki, indi türk dünyasını 40-dan artıq xalq birləşdirir ki, bu da 200 milyon nəfərə yaxın insan deməkdir.

Qazaxıstan Prezidenti türkdilli ölkələr arasında elm, mədəniyyət, idman sahəsində əlaqələrin genişləndirilməsinin, eləcə də hərəkətdə olan qlobal böhrana qarşı müqavimət göstərmək məqsədilə iqtisadi səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, türkdilli ölkələr arasında yük dövriyyəsinin və tranzitin artırılmasını, eləcə də hazırkı səviyyəsi bu ölkələrin "maraqlarına və imkanlarına" uyğun gəlməyən qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını vacib hesab edib.

Nazarbayev Azərbaycan Prezidentinin Bakıda Türkdilli Ölkələrin Mədəniyyət Fondunun yaradılması barədə təklifini dəstəkləyib. O, Astananın 2012-ci ildə "Türkdilli ölkələrin mədəniyyət paytaxtı" elan edildiyi barədə məlumat verib.

Bundan sonra sammitin işi mətbuat üçün qapalı rejimdə davam edib.