Bu gün Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Türkiyənin Gəncədəki Baş Konsulluğunun dəstəyi ilə yeni tədris ilinin başlanması münasibətilə şəhid və qazilərin məktəbli övladlarına, aztəminatlı ailələrdən olan rayon məktəblilərinə məktəb ləvazimatları və çantalar hədiyyə edilib.
“Qafqazinfo” xəbər verir ki, Samuxun Seyidlər və Qədilli, Gürcüstan ilə sərhəddə yerləşən Poylu, Salahlı və Kəsəmən kəndlərində həssas əhali qrupu ilə keçirilən görüşdə RİH başçısı Firdovsi Əliyev, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, müəllimlər, məktəblilər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Firdovsi Əliyev yeni tədris ilinin başlaması münasibətilə hər kəsi təbrik edib və bildirib ki, təşkil olunan tədbirin məqsədi şagirdləri təhsilə həvəsləndirmək, ölkəmizin sağlam və etibarlı gələcəyi naminə faydalı, təhsilli gənclər yetişdirməkdir.
Artıq ənənə halını alan görüş uşaqların sevincinə səbəb olub, uşaqların qayğısız böyümələri və təhsil almaları üçün dövlətimizin dəstəyindən söhbət açılıb. RİH-nin başçısı və baş konsul tərəfindən uşaqlara məktəb ləvazimatları və çantalar təqdim edilib.
Valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığlarını bildirib, məmnunluqlarını ifadə ediblər.