Sandu Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını tələb etdi

sandu-rusiya-qosunlarinin-dnestryanidan-cixarilmasini-teleb-etdi
Oxunma sayı: 1754

Moldova Prezidenti Mayya Sandu Avropa Parlamentində çıxış edərək Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o vurğulayıb ki, hazırda ölkənin Ukraynada müharibəyə cəlb olunacağı ilə bağlı heç bir təhlükə yoxdur. Eyni zamanda Sandu Moldovanın neytral ölkə olduğunu xatırladıb:

"Həqiqətən neytral olmaq üçün rus qoşunlarını ərazimizdən çıxarmaq lazımdır. Çünki onların mövcudluğu bizim neytral statusumuzu və müstəqilliyimizi əsaslı şəkildə pozur".

O qeyd edib ki, hakimiyyət Moldovanın suverenliyini və ərazi bütövlüyünü qoruyaraq bu məsələni sülh yolu ilə həll etmək əzmindədir: “Biz müharibə və ya sabitliyin pozulmasını istəmirik”.

O, həmçinin qeyd edib ki, Rusiya keçmişdə olduğu kimi qonşu dövlətlərdən birinə  hücum edib və Ukrayna xalqını və bütün Avropa qitəsini sonsuz faciəyə sürükləyib.

“Onlar Ukraynanı daha güclü qonşunun geosiyasi əlavəsinə çevirmək istəyirdilər. Biz hamımız ümid edirdik və gözləyirdik ki, bu heç vaxt olmayacaq. Lakin onlar bunu etdilər", - Sandu deyib.

Sandu Moldovanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini də vurğulayıb: “Krım Ukraynadır, Donbass Ukraynadır, Kiyev Ukraynadır və həmişə Ukrayna olaraq qalacaq”.