Saqqalı ağ, niyyəti qara...

saqqali-ag-niyyeti-qara
Oxunma sayı: 1550


Qırx dörd il əvvəl tərk etdiyi sevgilisini tapmaq üçün bir neçə ay öncə “Səni axtarıram”ın studiyasına təşrif buyurmuş təxminən 65-70 yaşlı kişiylə bərk mübahisə etmişdik. Verilişin ekspertləri bu qədər aqressiv olmağımın səbəbi ilə maraqlananda belə demişdim: “Bu kişi avtobusa minəndə ən azı 15-20 nəfər qalxıb ona yer verir. Hər bir insan öz yaşına uyğun hərəkət etməlidir”.

Mənim və həmkarlarımın reaksiyasından pərt olan qonaq incik tərzdə soruşmuşdu: “Sevmək günahdırmı?”

Mən, sevginin müqəddəsliyinə inanıram. Amma hesab edirəm ki, müəyyən yaşdan sonra insan sevgisini ürəyində dəfn etməyi bacarmalıdır. Ən azından, oğul-uşağının, yeniyetmə nəvələrinin xatirinə bu cür davranmalıdır.  Çalışmalıdır ki, kimsə onun övladlarını ələ salıb, gülüş hədəfinə çevirməsin. Qırx dörd il əvvəl tərk etdiyi sevgilisinə Almaniyaya köçmək üçün vasitə kimi baxan kişiyə də o vaxt bu üzdən etiraz etmişdim...

Üç-dörd gün əvvəl Bakıda avtobusda yaşlı bir adam yüksək səslə telefonda kiminləsə mübahisə edirdi. Dönüb arxaya baxanda xarici görünüşü ilə Dədə Qorqudu xatırladan bir nəfərin əlini-qolunun ölçə-ölçə danışdığını gördüm. Kişi təkcə cır səsi ilə deyil, həm də işlətdiyi vulqar ifadələrlə sərnişinləri narahat etməyə başlamışdı. Adamın dil-boğaza qoymadığını görəndə, cavan bir oğlan arxaya dönüb, ondan bir qədər mədəni danışmağı xahiş etdi. Ağsaqqal sözünə ara verib, oğlanın üstünə çımxırdı: “A bala, otur yerində. Mənə ağıl öyrətməyə sənin yaşın çatmaz”.

Mübahisə qısa müddət ərzində əlbəyaxa davaya çevrildi. Oğlanın güclü əlləri kişinin yaxasından yapışanda, o, yalvarmağa başladı: “A başına dönüm, ağsaqqal kişiyəm, məndən nə istəyirsən? Heç olmasa, saçıma-saqqalıma hörmət elə”.

Araya girib sülh yaradandan sonra oğlan sevgilisi ilə birlikdə avtobusu tərk etdi. Amma hirsim soyumadığı üçün bu dəfə mən kişinin yaxasından yapışdım: “Ağsaqqal olduğun indimi yadına düşdü? Niyə özünü elə aparmırsan ki, uşaq da, böyük də sənə hörmət eləsin?”

Mən, böyük-kiçik yeri bilən insanam. Həmişə yaşlı adamlara hörmət etmişəm, onların yolunu gətirmişəm. Amma gərək yaşlı adam da öz yerini bilsin, nəvəsi yaşda olan insanların yanında nalayiq ifadələr işlətməsin.

İnsanın saçının ağlığı onun ağsaqqal olduğuna dəlalət etmir. Əsl ağsaqqal odur ki, düşmənlər arasında sülh yaratsın, gənclərə doğru yol göstərsin, cəmiyyətə faydalı məsləhətlər versin. İnsana yaşına yox, əməlinə görə dəyər vermək lazımdır. Təəssüf ki, bəzi adamlar özlərinin qara niyyətini ağ saçlarının arxasında gizlətməyi bacarırlar...