Şarapovaya “Wild card” təqdim olundu

sarapovaya-wild-card-teqdim-olundu
Oxunma sayı: 1401

Madriddə tennis turnirinin təşkilatçıları rusiyalı idmançı Mariya Şarapovanın yarışmada iştirakı üçün ona xüsusi dəvət (“Wild card”) göndəriblər.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “Mutua Madrid Open”in məntbuat xidmətinin məlumatında bildirilir.

“Biz onun xahişinə baxdıq və dəvət göndərmək qərarına gəldik. Mariya son 15 ilin ən yaxşı oyunçularından biri hesab olunur. Bundan əlavə o, “Mutua Madrid Open”də qalib gəlib”, - turnirin direktoru Manolo Santana söyləyib.

Qeyd edək ki, turnir 2009-cu ildən aparılır. Şarapova 2014-cü ildə qalib olub. Bu il turnir 5-14 may tarixlərində keçiriləcək.

Xatırladaq ki, M. Şarapova ötən ilin martında keçirdiyi mətbuat konfransında dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, - deyə o əlavə edib.

Bu açıqlamadan sonra 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar “Nike” idman malları, “Porsche” avtomobil və İsveçrənin “TAG Heuer” saat istehsalçılarıdır. O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib. Lakin Beynəlxalq Tennis Federasiyasının M. Şarapovanın oyundan kənarlaşdırılması ilə bağlı qərarı 2017-ci ilin aprelində başa çatır. Bundan sonra o, BMT ilə əməkdaşlıq edə biləcək.