Təxminən 15-20 il öncə bizdən İrana üz tutana sarıkök, zəfəran, xurma, xına, parça və s. gətirməsini xahiş edərdik. İndi isə tibbi preparatlarla, həkimlərlə maraqlanırıq. Kiminsə İrana getməsini eşidəndə intuisiyamız həmin adamın xəstələndiyini diqtə edir.
Bu 15-20 ildə nələr dəyişdi? İranın səhiyyəsimi inkişaf etdi? Bizim səhiyyəmizmi gerilədi? Ya xəstəliklərimizmi artdı?
Karikaturaçı rəssam Gündüz Ağayevin İrana gedən xəstələrimizlə bağlı maraqlı bir karikaturası var. Baxdıqca düşünürsən... Niyə bu ölkədə xəstələr durmadan artır, nə səbəbə xəstəliklər çoxalır?
Son vaxtlar televiziyalarda humanist insanlardan yardım istəyən xərçəng xəstələrinin ümidsiz baxışlarını, solğun çöhrəsini seyr etdikcə bu haqda bir daha düşünürsən. Kim zəmanət verə bilər ki, sabah o xəstələrin yerində özü olmayacaq?
Bir dəfə diş kabinetində hepatit virusuna yoluxmuş bir qadının yaşadığı əzabdan yazmışdım. Bunun ağrı-acısı, dava-dərmanın bahalığı bir yana, qadın psixoloji sarsıntı içərisindəydi. Yemək yediyi qab-qacağı ayrı saxlayır, adamlarla yaxın təmasdan qaçır, nəvələrini doyunca bağrına basıb öpə, oxşaya bilmirdi. Qorxurdu ki, xəstəliyi başqalarına da yoluxar. Eşitdim ki, qohum-əqrəba pul toplayıb qadının müalicəsi üçün xaricə üz tutublar. Bu yaxınlarda yenə bir tanışımın diş kabinetində hepatit C virusuna yoluxduğunu eşitdim. O da yaşlı bir qadındı. Deyir, axırıncı dəfə dişlərini müalicə etdirib. Ondan sonra onda bu xəstəlik aşkarlanıb. Di gəl, sən bunu həmin həkimə sübut elə.
Dərmanların, xəstəxana xərclərinin bahalığı bir yana, bəzi həkimlərin savadsızlığı, səhlənkarlığı üzündən nə qədər insan bu cür ağır xəstəliklərə yoluxur, dünyasını dəyişir. Niyə bizim insanlar müalicə üçün xarici ölkələrə üz tutur? Filmdə deyildiyi kimi, o əjdahadan xaricdə varsa, bizdə niyə olmasın ki?
***
Əlac qalıb özümüzün öz həkimimiz olmağımıza. Qidalanmağımıza, həkimlərin təmiz, işlətdiyi alətlərin steril olmasına diqqət yetirməliyik. Əynimizdən-boğazımızdan kəsib tez-tez müayinədən keçməliyik. Yoxsa ölüm ayağında İrana, Almaniyaya... üz tutmalı olacağıq. Belə etsək, nə qədər olmasa xəstəliyə yoluxmaq riskimiz azalar.
Xəstələrimizə şəfa diləyək.Savadsız, pulgir həkimlərə də vicdan arzulayaq ki, cəllada çevrilib axırımıza çıxmasınlar...
Son xəbərlər
Son Xəbərlər