“Son vaxtlar “Ayrılıq” mahnısını evdə daha çox oxuyuram. Hazırda bu mahnı daxili dünyama daha yaxındır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ailem.az-a açıqlamasında “Avroviziya-2011” Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımov deyib. Müğənni hələ ki, evlənmək istəmədiyini deyib: “Subaylığın daşını atmaq fikrim yoxdu. Hazırda mahnılarımla, musiqilərimlə məşğulam. Özümü bu peşəmdə əks etdirmək istəyirəm. Düşünürəm ki, hələ evlənmək üçün çox tezdir. Ailəm bu məsələyə qarışmır. Şəxsi işlərimi ailəm mənə həvalə edib, öz qərarlarımı özüm verirəm. Qərarım belədi. Ümumiyyətlə, ailələrin evlənmək məsələsinə müdaxiləsini anlamıram. Əgər mən sevmirəmsə, heç kimi istəmirəmsə, necə ailə qurum? Öz şəxsi mühitimi kiminləsə bölüşmək istəmirəm. Özüm yuxudan oyanıb, özümə xörək bişirib, harasa getmək istəyirəm. Kimdənsə asılı olmaq, ailə məsuliyyətini üzərimə götürmək istəmirəm. Kiminləsə evlənirəmsə, artıq onun da məsuliyyəti mənim çiynimə düşür. Uşaq da olsa, bu, daha böyük məsuliyyət deməkdir. Hələ ki, azad, sərbəst həyat sürmək fikrindəyəm”.
E. Qasımov xəyalındakı qadın obrazının necə olması sualına belə cavab verib: “Bu barədə çox düşünmüşəm. Həmişə fikirləşirəm ki, sadəcə yaxşı insan olsun, daxili dünyama yaxın olsun. Biz yan-yana oturanda danışmasaq da, nəsə deməsək də, bir-birimiz başa düşək. Əgər xarici görünüşdən danışırıqsa, sarışınlardan xoşum gəlir, amma əsmər xanımlarla görüşürəm. Ya da əksinə olur. Bu, çox qəliz məsələdir. Mən ümumiyyətlə, insanları xarici görünüşünə görə bölə bilmirəm. Bəzən təəccüblənirlər ki, necə ola bilər bu? Kifir adamı necə sevə, onunla vaxt keçirə bilərsən? Yenə deyirəm, mənim üçün xarici görünüş əsas meyar deyil. Hərdən baxırsan ki, gözəl xanımdı, amma ağzını açanda qaçıb getmək istəyirsən. Yaxud baxırsan ki, elə də gözəl deyil, ya da 2 gündür saçını yumur, amma daxili, fikirləri, düşüncəsi ilə çox cəlbedicidir. Düzdür, hərdən istədiyim xanım qarşıma çıxır və mənə elə gəlir ki, biz bir-birimizi tamamlayırıq, sonra yanıldığımızı görürük. Həyatdı da, belə get-gəllər də olur”.
Son xəbərlər
Son Xəbərlər