Sarkisyan həmsədrləri qəbul etdi

sarkisyan-hemsedrleri-qebul-etdi
Oxunma sayı: 639

Bu barədə ARKA agentliyi Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və gələn ildən Fransalı həmsədr kimi fəaliyyətə başlayacaq Jak For iştirak ediblər.

"Həmsöhbətlər ATƏT xarici işlər nazirlərinin dekabrda Vilnüsdə keçiriləcək görüşü ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırkı mərhələsinə dair məsələləri müzakirə ediblər", - məlumatda deyilir.

Tərəflər münaqişə tərəfləri arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlərin vacibliyini vurğulayıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

milli.az