Sarkisyanın kürəkəni dövlətə 350 milyon dollar ziyan vurub

sarkisyanin-kurekeni-dovlete-350-milyon-dollar-ziyan-vurub
Oxunma sayı: 1396

Ermənistanın Vatikandakı eks-səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı yeni cinayət işi açılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyası Baş Prokurorluğa istinadən bildirib. 

“Mikael Minasyan xüsusilə böyük miqdarda fırıldaqçılıq, rəqabət əleyhinə fəaliyyət, rüşvət vermək, vəzifə mövqeyindən istifadə etmək, çirkli pulların yuyulması üçün cinayətkar cəmiyyət yaradıb və ona rəhbərlik edib”, - Baş Prokurorluğun İqtisadi Fəaliyyətə Qarşı Cinayət İşləri üzrə İdarəsinin rəisi Samvel Akopyan televiziyaya müsahibəsində deyib. 

Onun sözlərinə görə, bütün bu hərəkətlər nəticəsində dövlətə təxminən 350 milyon dollar ziyan dəyib.

İstintaq Minasyanı Ermənistanda və onun hüdudlarından kənarda şirkətlərdə pay əldə etmək, bir sıra KİV və televiziya şirkətlərinə nəzarət yaratmaq, qeyri-qanuni mənşəli maliyyə vəsaitlərinin dövriyyəsi, vergidən yayınmanın təşkili, sahibkarlıq fəaliyyətində qanunsuz iştirak etmək, vəzifəli şəxslərə rüşvət vermək məqsədilə vəzifə statusundan istifadə etməkdə ittiham edir.

Cinayət epizodları arasında Ermənistan dövlət radiosunun əmlakının, Zəngəzur mis-molibden kombinatının vəsaitlərinin mənimsənilməsi, “Spike” şirkətinin səhmlərinin qanunsuz alınması, digər sahibkarlar tərəfindən biznesin həyata keçirilməsinə maneə törədilməsi və s. qeyd olunur.

İşdə ümumilikdə 13 nəfərin adı hallanır, onlardan üçü həbs olunub. İttiham olunanlar arasında “Yerevan Mall”un baş direktoru Vazrik Sekoyan, “DoubleTree by Hilton”un sahibi Tiqran Yeqoyan da var. 

Xatırladaq ki, Minasyan 2008-2012-ci illərdə Prezident Administrasiyası rəhbərinin birinci müavini, 2013-2018-ci illərdə Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışıb. Hazırda bir sıra digər ittihamlarla axtarışa verilib.