Satıldığı deyilən tarixi tikili ilə bağlı rəsmi açıqlama - Fotolar

satildigi-deyilen-tarixi-tikili-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 3190

Bir neçə gün öncə tanınmış naşir Şahbaz Xuduoğlu Abşeron ərazisində qədim hamamın dağılmaq üzrə olması barədə paylaşım edib. O bildirib ki, iki günbəzli hamamın bir günbəzi tamamilə dağılıb. Bundan başqa, hamamın ətrafı qazılıb, buna görə uçmaq təhlükəsi ilə üz-üzədir. Naşir əlavə edib ki, hamamın yerləşdiyi ərazi hasara alınıb və üzərinə “Satılır” yazılıb.

“Qafqazinfo” məsələ barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Görədil bağları massivində yerləşən hamam Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatında olan abidələrin siyahısında deyil:

““Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Dövlət Xidmətinin əməkdaşları tərəfindən ölkə ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqi həyata keçirilib və yeni siyahı formalaşdırılıb.

Həmin hamam da yeni aşkar olunmuş tarix-memarlıq abidəsi kimi qeydə alınıb. Yeni siyahı təsdiq edildikdən sonra həmin hamamın da müvafiq siyahıya əlavə edilməsi üçün qərar veriləcək. Eyni zamanda, tarixi tikilinin qorunması ilə bağlı müvafiq dövlət orqanlarına da müraciət olunub”.