“Qafqazinfo” bu məqamda saxta mühacirət mövzusu ətrafında baş verən proseslərlə bağlı bir neçə şəxsin mövqeyini öyrənib.
Siyasi şərhçi, keçmiş AXCP-çi Razi Nurullayev təcrübəsində bu kimi halların şahidi olduğunu açıqlayıb: “Onlarla insan müraciət edib ki, AXCP-yə üzv olaq və sonra sizdən soruşsalar, müdafiə edin ki, o Azərbaycanda ciddi siyasi təhlükə ilə üzləşirdi. Bunu heç zaman etməmişəm. Heç kimdən də partiyada xahiş etməmişəm ki, kimisə üzvlüyə qəbul etsinlər. Ümumiyyətlə, AXCP-də bu hallara şəxsən rast gəlməmişəm. Amma, mənə Avropa ölkələrinin miqrasiya xidmətləri orada sığınacaq istəyən şəxslərlə bağlı müraciət ediblər. Araşdırıb məlumat göndərmişəm. Bu sahədə vicdanlı hərəkət etdiyim üçün mənə inam olub və inanılıb. Bir məsələni deyim ki, saxta arayış və saxta müxalifətçiliklə gedənlər çoxdur. Hətta, bir neçə ay bundan öncə Belçika miqrasiya idarəsindən mənə yazdılar ki, burada bir nəfər sığınacaq istəyir və deyir ki, ölümdən qaçıb. Bildirir ki, YAP-ın üzvü olmayanları Azərbaycanda öldürürlər. Onlar dəhşətə gəlmişdi ki, belə şey ola bilərmi? Təbii ki, gülməlidir. Təzyiq ola bilər, amma öldürmək ağ yalandır. Hər zaman demişəm və yenə də deyirəm. Siyasi sığınacaq haqq edənlərin əksəriyyəti Azərbaycandadır. Orada saxta yolla sığınacaq istəyənlər burada polis dəyənəyi altında mübarizə aparan insanların haqlarını pozmuş olurlar”.
Pul ilə arayış verilməsi məsələsindən xəbərdar olduğunu vurğulayan R. Nurullayev qeyd edib ki, məsələni sübut edənlər isə yoxdur: “Təbii ki, yüzlərlə saxta arayış verilib. Mən AXCP-dən çıxandan sonra facebookda yazanlar oldu ki, partiyada pul alıb arayış verən şəxslər olub. Mən bunun üzərinə getmədim. Çünki, belə şeyləri sübut etmək çətin olur. Tək-tük hallar ola bilər. Amma Müsavat Partiyasının adı kütləvi saxta arayışlarda hallanır. Bunlar şayiə xarakterlidir. Sübutlar lazımdır. Müsavat Partiyası yəqin ki, daxili komissiya yaradıb bunu araşdıracaq”.
Hüquqşünas Ələsgər Məmmədli də Müsavat Partiyasının yaydığı bəyanatla tanış olduğunu bildirib. Qeyd edib ki, ortada saxta sənəd varsa, Müsavat Partiyası hüquq-mühafizə orqanlarına rəsmi müraciət etməlidir: “Saxta sənəd necə hazırlanıb, bu işlə kim məşğul olub? Cinayət Məcəlləsinə görə bu, cinayət hesab olunur. İkincisi isə, burada həmin şəxs Müsavat Partiyasının səlahiyyətlilərindən birinin adını çəkib və ona rüşvət verərək sənədi aldığını söyləyir. Əgər böhtan varsa, Gülağa Aslanlı həmin şəxsi məhkəməyə verməlidir. Qarşı tərəf bunu sübut edə bilməzsə, o zaman məsuliyyətə cəlb olunmalıdır. Üçüncüsü isə, bu tip dəllalların cəmiyyətdə ola bilməsini istisna etmirəm. Çünki zaman- zaman müxtəlif insanların etibarından sui-istifadə edərək saxta sənədlər düzəldən şəbəkələr ortaya çıxır. Ola bilər ki, bu da belə işdir. Ona görə də indi kimisə günahlandırmaq və təzyiq altında qoymaq da düzgün deyil”.
Onun sözlərinə görə, Azərbaycanda siyasi azadlıqlarla bağlı müəyyən problemlər var: “Bundan zərərçəkənlər və nəticədə Avropaya mühacirətə gedən tanınmışlar da var. Bəzən alternativ olaraq son şans kimi bu yolu seçənlər var. Amma hər bir insan üçün doğulduğu ölkədə yaşaması daha böyük üstünlük ola bilər. Həqiqətə alternativ olmadığı üçün ölkəni tərk edənlər var və onları qınamaq mümkün deyil. İkincisi isə, işbazlar bunu özləri üçün vasitə hesab edir. Müsavat belə bir kampaniya altında qalmamaq üçün hüquqi müstəvidə bunun araşdırılmasını təmin etməlidir.
Partiyalar isə daha çox vətəndaşların hüquqlarını qorumalıdır. Əgər vətəndaş doğrudan da bu və ya digər formada təzyiqlərə məruz qalıbsa, bu istiqamətdə hüquq müdafiəçilərindən yardım ala bilər. Ola bilsin ki, sığındığı ölkədəki qurumlar həqiqəti müəyyən etmək üçün adamın mənsub olduğu partiyaya sorğu göndərə bilər. Çünki blanklardakı həqiqi ünvanlardır. Bu həqiqi ünvanlara görə, saxta sənəd hazırlayan qorxmayıbmı? Bu da mənim üçün sual işarəsi olaraq qalır. Hüquqi cəhətdən isə, bu şəxsin partiyanın üzvü olub ya olmadığı soruşulmalı idi”.
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, birbaşa olaraq bu proseslərin şahidi olmayıblar və hərəkat olaraq da bu işlərdə iştirak etməyiblər: “Təbii ki, bizə də müraciətlər olub ki, kimsə REAL-ın üzvüdür və onun təzyiqlərə məruz qaldığını deyək. Siyasətlə məşğul olan insanların guya bu tip basqıları bəhanə edərək oturum alması üçün bundan istifadə etməsi siyasi etikaya ziddir. Digər partiyalarla bağlı bəzi söhbətləri biz də eşitmişik. 20 ildən çox müddətdə minlərlə insan mühacirətə gedib. Bu problemlərin həlli siyasi partiyalardan da asılıdır. İctimaiyyət və üzvləri qarşısında siyasi mövqeyini qorumağa çalışan partiyalar bu tip məsələlərdə adının hallanmasına imkan verməməlidir. Mühacirət məsələsi isə hüquq müdafiə təşkilatlarının işi olmalıdır. Doğrudan da hər hansı insanın siyasi fəaliyyətinə görə həyatına təzyiqlər varsa, onların xaricə köçməsinə yardımçı olmalıdırlar. Sivil toplumların hamısında bu işlə hüquq müdafiə təşkilatları məşğul olur. Azərbaycanda isə siyasi partiyalarla hüquq müdafiəçilərinin işi bir-birinə qarışıb. Bu tip xəbərlərin çıxması siyasi partiyaların nüfuzuna zərbə vurur. Eyni zamanda seçkilər dövründə seçici qarşısında partiyanın nüfuzunun aşağı salınmasına səbəb olacaq”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı saxta yollarla mühacirətə gedən insanlar barədə çox eşitdiyini deyib: “Saxta sənəd alırlar, özlərini keçmiş siyasi məhbus adlandırırlar. Bu mexanizm uzun müddətdir ki, işləyir. Belə məsələlərlə özüm də rastlaşmışam və üstü də açılıb. Hüquq müdaifəçiləri bu tip saxta işlərlə məşğul olmamalıdır. Amma hardan tapırlar o blankları, necə düzəldirlər. Zənnimcə, bu iş Avropanın özündə var. Buradan gedənlərin sənədləri götürülür, blankları kopya olunur və özləri üçün yazıb verirlər. Bu halda hüquq- mühafizə orqanlarına müraciət olunmayıb. Sadəcə gedilən ölkənin immiqrasiya orqanları bu işlə ciddi məşğul olub”.
Bu məsələnin çox böyük bir biabırçılıq olduğunu vurğulayan S. Qocamanlının sözlərinə görə, əgər onlar məhbuslardısa, hamısını biz tanıyırıq: “Barələrində hansısa məlumat verə bilərik. Amma elə adamlar gedir ki, heç məhbəsdə olmayıblar, təzyiqə məruz qalmayıblar, sadəcə çıxıb gediblər. Bu zaman da belə saxta yollara əl atılıb.
Hesab edirəm ki, problemlə oturum alınan ölkənin immiqrasiya orqanları məşğul olmalıdır. Buradakı hüquq müdafiəçiləri ilə əlaqə olmalıdırlar, həmin şəxs haqqında bizə sorğu göndərməlidirlər ki, onu təsdiq ya inkar edək”.
Qeyd edək ki, bu mövzu sosial şəbəkələrdə geniş müzakirə olunur. Hüquqşünas Sahib Məmmədov facebookda yazdığı şərhdə NİDA təşkilatının son illər bununla məşğul olduğunu deyib.
“İndi əsas ticarəti NİDA edir. Onların hətta Avropadakı bəzi vəkil büroları ilə faktiki müqavilələri var. Avropada Norveç İnsan Hüquqları evi, Polşanın Helsinki Fondu, Front Line və.s. Təşkilatlar prosesdə iştirak edir. Yalnız Polşada nidaçı adı altında mühacirət etmiş xeyli gənc var. Nida heç kəsə sənədlər vermirsə və ya heç kəsə onun adından sığınacaq almağa icazə vermirsə, onda bunun ən yaxşı yolu ingilis, fransız və alman dillərində 5-6 sətrlik bəyanat hazırlayıb lazımı ünvanlara yollamalıdır”- deyə şərh yazıb.
NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi Turqut Qəmbər isə hüquqşünası yalan danışmaqda ittiham edib.
“Sizin etdiyinə başqa ad vermək mümkün deyil. NİDA heç vaxt saxta mühacirlərə sənəd verməyib. Kimsə worddə hansısa sənəd düzəldirsə, burada məsuliyyət NİDA-nın deyil, o sənədi düzəldənlərin və yoxlayanlarındır.
Bizə belə sənədlərin həqiqiliyi ilə bağlı hansısa hökumətin sual ünvanlamasını xatırlamıram. Etmədiyimiz hərəkətlə bağlı hər hansı bəyanatla çıxış etmək isə gülüncdür”-deyə S. Məmmədova cavab verib.
Günel Türksoy