Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyədə zəlzələ bölgəsinə humanitar yardım kampaniyasını davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, Bakı İdman Sarayında (Neftçilər prospekti) təşkil olunan yardım aksiyasının ikinci günündə də vətəndaşların axını müşahidə olunub. Hava şəraitinin şaxtalı olmasına baxmayaraq, insanlar müxtəlif geyim, qida, təmizlik və isinmək üçün lazımi vasitələri Bakı İdman Sarayına gətirib.
Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev bildirib ki, Türkiyənin Azərbaycandakı səfirliyinin humanitar yardım çağırışına dəstək olaraq belə aksiya təşkil edilib. Burada vətəndaşlar tərəfindən ianə olunan bütün isti geyimlər və lazımi əşyalar könüllülər tərəfindən çeşidlənərək yığılır. Çeşidlənmiş yardımlar bu gündən Türkiyədə zəlzələ bölgəsinə yola salınacaq.
Qeyd edək ki, yardım kampaniyası fevralın 14-ə qədər hər gün səhər 11-dən axşam 8-ə kimi davam edəcək. Sanitar-epidemioloji şərtlərdən irəli gələrək əhalidən ikinci əl geyim və əşyalardan ibarət yardım göndərmək təkidlə xahiş olunur. Eyni zamanda, qida təhlükəsizliyinin önəmi nəzərə alınaraq qida məhsullarının humanitar yardım çərçivəsində qəbul edilməyəcəyi nəzərə alınmalıdır.
Amin Nəzərli
Foto-Video: Müzəffər İsmayılov



Son xəbərlər
Son Xəbərlər