Səbaildə Heydər Əliyevlə bağlı tədbir olub

sebailde-heyder-eliyevle-bagli-tedbir-olub
Oxunma sayı: 1817

Səbail rayonunda yerləşən 157 nömrəli uşaq bağçasında İcra Hakimiyyətinin dəstəyi ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, ilk öncə tədbirin qonaqları yeni bağça ilə tanış olublar.

Bağçanın müdirəsi Banuçiçək Əzizova bildirib ki, Heydər Əliyev Fondu tərəfindən 2 mərtəbəli qəzalı bağça binası sökülərək yerində yeni 3 mərtəbəli, mansardlı müasir bina inşa olunub, Fond tərəfindən bura hər çür avadanlıqlarla təchiz edilib, uşaqların istirahəti üçün hər cür şərait yaradılıb.

Sonra Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən film nümayiş etdirilib, bağçada tərbiyə alan uşaqların ifasında Ulu öndərə, Azərbaycana həsr olunmuş şeirlər və mahnılar səslənib, rəqslər ifa olunub.

Qeyd edək ki, Bayıl yaşayış sahəsində 100 il əvvəl inşa olunmuş binada yerləşən bağça Heydər Əliyev Fondu tərəfindən sökülərək müasir layihə əsasında yenidən tikilib. Bu ilin mart ayının 6-da Fondun Prezidenti  Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.