Səbaildə ötən ilin yekunları müzakirə edilib

sebailde-oten-ilin-yekunlari-muzakire-edilib
Oxunma sayı: 980

Səbail rayonunun qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2017-ci ilin yekunlarının müzakirəsinə başlanıb. 

Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bununla əlaqədar ilk hesabat iclası Rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilib. Rayonun mərkəz hissəsini əhatə edən təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2017-ci il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib. 

Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov bildirib ki, ötən il nümayəndəliyin ərazisində  20 həyətə 3500 kv asfalt döşənib,  Əhməd Cavad küçəsi 1, Adil İskəndərov 3/3, Nizami 78, İbrahim İbrahimli 7, Üzeyir Hacıbəyov 3, 4, 18, Zərifə Əliyeva 14, 17, Həsən Seyidbəyli 3, 4, 5 - ümumilikdə 40 ünvanda 7500 kv dam örtüyü təmir olunub, 700 p/m ümumi istifadə sahəsi şüşələnib, 65 qapı, 40 pəncərə dəyişdirilib, balansda olan binalarda 3000 p/m tüstü bacaları təmizlənib. 

İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib.

Yığıncaqda mövcud problemlərdən danışılıb,  sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.