Səbaildə Xocalı faciəsi anıldı

sebailde-xocali-faciesi-anildi
Oxunma sayı: 915

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunur.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, rayonun mədəniyyət müəssisəlrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər təşkil olunub.

Tədbirlər çərçivəsində fevralın 25-i rayonun orta və ali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunub, rayonun ali məktəblərində anım tədbirləri keçirilib, Dövlət Gənc Tamaşaçılar Teatrında faciəyə həsr olunmuş «Xocalıda qırmızı mələk» adlı tamaşasının premyerası və Badamdar Mədəniyyət evində ədəbi-bədii kompozisiya, rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyaları təşkil olunub, Səbail rayon məktəbləri arasında güllə atıcılığı üzrə yarış keçirilib və qalib komandalar mükafatlandırılıblar.

Faciənin ildönümü ərəfəsində Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 15 ailənin nümayəndələri ilə görüş keçirilib. Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərilib.