Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkilini hər zaman diqqət mərkəzində saxlayan Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hər il olduğu kimi bu il də bu istiqamətdə bir sıra tədbirlər hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, növbəti tədbir «Sahil bağı»nda təşkil olunub. Səbail Rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının ənənəvi olaraq həyata keçirdiyi birgə layihəsi əsasında artıq 13-cü dəfə təşkil olunmuş «Şahinlər» yay istirahət düşərgəsinə yeniyetmələrin yola salınma mərasimi keçirilib. Quba şəhərinin mənzərəli yerində Daxili Qoşunlarin “N” saylı hərbi hissəsində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, Daxili Qoşunların zabitlərinin övladları, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə yola salındılar.
Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalıdə Bayramova bildirib ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılıb.
Bu il düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər.

Son xəbərlər
Son Xəbərlər