Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili üçün Səbail rayon İcra Hakimiyyəti Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunun «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü “Gənc Heydərçilər” istirahət düşərgəsi yaradıb.
“Qafqazinfo” xəbər verir ki, RİH-də düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və orta məktəblərin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov iştirakçıları salamlayıb.
Qeyd olunub ki, düşərgəyə yollanacaq məktəblilər öz təhsilləri, ictimai işlərdə fəallıqları, idman və digər sahələrdə fərqləndikləri üçün seçiliblər. Onlar bu istirahət düşərgəsində oxuduqları məktəb kollektivlərini layiqincə təmsil etməlidirlər.
Burada uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcək, şagirdlərin Qusarın görməli yerlərinə, Olimpia Kompleksinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaqdır.

Son xəbərlər
Son Xəbərlər