Səbailli yeniyetmələr Qusara istirahətə göndərilib

sebailli-yeniyetmeler-qusara-istirahete-gonderilib
Oxunma sayı: 712


 “Qafqazinfo”ya daxil olan məlumata görə, yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində yeni layihə  həyata keçirilib.

«Sahil bağı»nda start verilən növbəti tədbir Azərbaycan Müdafiə Nazirliyi ilə birgə layihədir. Gənclərin sağlam böyüməsi, idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə bu il ilk dəfə olaraq Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri – ümumilikdə 100 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» yay istirahət düşərgəsi yaradıblar. 

Səbail rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul nümayəndələri, düşərgəyə yollanan yeniyetmələr, onların valideynləri, rayondakı orta məktəblərin direktorları, hərbiçilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda  yola salınma mərasimi keçirilib.

Tədbir Azərbaycan Silahlı Qüvvələri Təlim-Tədris Mərkəzinin hərbi orkestri tərəfindən Azərbaycanın Dövlət Himninin  ifası ilə başlanıb.

Yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb.

 Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Müdafiə Nazirliyinin  Qusar şəhərindəki «N» saylı hərbi hissəsi tərəfindən bütün hazırlıq işləri görülüb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Əliyev, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışmış və onlara xoş istirahət arzulayıblar.